30 Yanvar 2023,  
...

Dövlət və bələdiyyə idarəetməsi ixtisasında təhsil alan tələbələrlə görüş keçirilib

        “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Dövlət İmtahan Mərkəzinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin müvafiq ixtisasında təhsil alan tələbələrə müxtəlif mövzularda seminar keçiblər.  

       Dövlət İmtahan Mərkəzinin sektor müdiri Zaman Bağırov “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda slayd vasitəsilə çıxış edib. Bildirilib ki, "Dövlət qulluqçularının etik davranış qaydaları" haqqında Azərbaycan Respublikasının Qanunu dövlət qulluqçuları üçün müəyyən edilmiş etik davranış qaydalarını və prinsiplərini, onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Qanunun məqsədi dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsinə xidmət etməkdir.

       Mərkəzin baş məsləhətçisi Məmməd Babayev hazırlanmış slayd vasitəsilə “Müsahibə proqramının hazırlanması” mövzusunda çıxış edib. Müsahibə proqramının hazırlanmasının kriteriyaları, əsas məsələlər, obyektivlik və şəffaflığın təmin olunması, subyektivliyin qarşısının alınması, namizədlərin müsahibələrə daha yaxşı hazırlaşmasının təmin edilməsi, səmərəlilik və peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ictimai etimadın artırılması məsələri barəsində ətraflı məlumat verilib  

       Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.