19 Aprel 2024,  

Naxçıvanda müasir dövlət qulluğu sistemi formalaşdırılıb

 

 

        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 5 may tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur.

           Ölkəmizdə dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin ikinci dəfə ali hakimiyyətə gəlişi ilə ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar edilmiş, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırılmış və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuşdur. Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi prosesinə başlanılmış, dövlət qulluğu sahəsində islahatlar həyata keçirilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ulu öndərimizin təşəbbüsü və müəllifliyi ilə hazırlanan ilk milli Konstitusiya müasir dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi bazası rolunu oynamışdır.

             Dövlət qulluğunda səmərəliliyin artırılması, dövlət aparatının təkmilləşdirilməsi, dövlət qulluqçularının hüquqi statusunun müəyyən edilməsi, onların sosial müdafiəsinin, maddi müstəqilliyinin təmin edilməsi və eyni zamanda məsuliyyətlərinin artırılması məqsədilə 2000-ci il 21 iyul tarixində respublikamızda ilk dəfə olaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində qəbul olunmuş ilk qanunun çox böyük əhəmiyyəti olmuşdur. Belə ki, qanunun qəbul edilməsi ilə Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşmasının əsası qoyulmuş, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri müəyyənləşdirilmişdir. Qanunda dövlət qulluğu və dövlət qulluqçusu anlayışlarının mahiyyəti göstərilmiş, dövlət qulluğunun prinsipləri, habelə dövlət qulluqçularının hüquq və vəzifələri öz əksini tapmışdır. Qanunun qəbulundan sonra onun icrasını təmin etmək və tətbiqi mexanizmini yaratmaq üçün çoxsaylı normativ hüquqi aktlar qəbul olunmuşdur. Həmçinin dövlət qulluğuna qəbul üçün müsabiqənin keçirilməsi, dövlət qulluqçularının icbari sığortası, hakimiyyət səlahiyyətlərinin icrasına, qulluq stajına, ixtisas dərəcələrinə görə vəzifə maaşına əlavə haqqın verilməsi kimi məsələlər nizama salınmış, inzibati və yardımçı vəzifələrin təsnifat toplusu təsdiq edilmişdir.

          Ümummilli liderin dövlət qulluğu siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının imzası ilə mühüm dövlət proqramları təsdiq olunmuş, dövlət qulluğu sahəsində mütərəqqi normativ hüquqi baza formalaşdırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları vaxtında aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizmi yaradılmış, dövlət qulluğu sahəsində münasibətlərin tənzimlənməsi daim nəzərdə saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi bunun bariz ifadəsidir.

Son illər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikada dövlət qulluğu sahəsində uğurlu islahatlar aparılmış, müasir dövlət idarəçilik sistemi formalaşdırılmışdır. Həyata keçirilən islahatları iki qrupa ayırmaq olar. Birinci istiqamət dövlət qulluğu sahəsində institusional islahatların həyata keçirilməsi ilə bağlı olmuşdur. Bu məqsədlə qanunvericiliklə müəyyən edilmiş dövlət siyasətini və tənzimlənməni həyata keçirən dövlət orqanları yaradılmış və onların normal fəaliyyət göstərməsi təmin olunmuşdur. Dövlət idarəçiliyində innovasiyalar tətbiq edilmiş, “Elektron hökümət” portalı, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi sistemləri istifadəyə verilmiş, bəzi dövlət orqanları üzrə səyyari xidmətlər təşkil edilmişdir. Bütün bunlar, eyni zamanda Naxçıvan Muxtar Respublikasında vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinə və insan amilinə verilən dəyərin göstəricisidir. Dövlət orqanları üçün ən müasir standartlara cavab verən yeni inzibati binaların tikilməsi və maddi-texniki bazanın gücləndirilməsi, dövlət qulluqçularının fəaliyyətinin yaxşılaşdırılması, onlara lazımi iş şəraitinin yaradılması, işində fərqlənən dövlət qulluqçularının təltif edilməsi muxtar respublikanın rəhbəri tərəfindən dövlət qulluğu sahəsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Bu sahədə görülən işlərin davamı kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 6 dekabr tarixli Fərmanı ilə muxtar respublikada dövlət qulluğunun normativ-metodik təminatını həyata keçirən, dövlət qulluğunun təşkili və həyata keçirilməsi ilə bağlı normativ hüquqi aktların və metodik göstərişlərin layihələrini hazırlayan, dövlət hakimiyyəti orqanlarının işini əlaqələndirən qurum – Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yaradılmışdır.

Dövlət qulluğu sahəsində islahatların ikinci istiqaməti isə müasir tələblərə cavab verən kadr siyasətinin həyata keçirilməsidir. Kadr siyasətinin əsas məqsədi dövlətə və cəmiyyətə xidmət üçün lazımi keyfiyyətlərə malik dövlət qulluqçularının formalaşdırılması, habelə dövlət qulluğu sferasının yüksək peşəkarlığa malik, vicdanlı, məsuliyyətli və vətənə sədaqətli işçilərin cəlb olunmaqla komplektləşdirilməsidir. Qeyd olunan məqsədlərə nail olmaq üçün muxtar respublikada yeni məktəb binaları, tədris korpusları tikilmiş, təhsil müəssisələrində tədris müasir standartlara uyğunlaşdırılmış, maddi-texniki baza möhkəmləndirilmiş, mütəxəssis və kadrların hazırlığı üçün hərtərəfli şərait yaradılmışdır. Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı Ali Məclis Sədrinin 2015-ci il 27 iyul və 2019-cu il 3 aprel tarixli sərəncamları dövlət orqanları və təhsil müəssisələri arasında əlaqələrin genişlənməsinə, insan kapitalının inkişafına, dövlət qurumlarının ixtisaslı kadrlarla təmin olunmasına səbəb olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 22 aprel tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması həyata keçirilən islahatların ən vacib tərkib hissəsidir. Komissiyanın yaradılmasında əsas məqsəd muxtar respublikada kadr siyasətinin həyata keçirilməsi, dövlət qulluğu ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə yolu ilə seçilməsi, yerləşdirilməsi və digər məsələlər barəsində qanunvericiliklə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin etməkdən ibarətdir. Fəaliyyətə başladıqdan qısa müddət sonra komissiya üçün yeni inzibati binanın tikilməsi, test mərkəzinin, lokal kompüter şəbəkəsinin, mərkəzi server sisteminin yaradılması komissiyanın fəaliyyətində innovasiya və startapların tətbiqini mümkün etmiş, test imtahanı proqramı, Dövlət Qulluqçuları Reyestrinin aparılması proqramı, test və müsahibələrdə iştirak üçün onlayn qeydiyyat proqramı istifadəyə verilmişdir. Komissiyanın portalının və yeni proqram təminatının istifadəyə verilməsi vətəndaşların dövlət qulluğuna qəbulla əlaqədar müraciət etmək imkanlarının asanlaşdırılmasına, eləcə də rayonlarda yaşayan şəxslərin sənəd təqdim etməsi üçün mərkəzə gəlməsinin və bunun nəticəsində yaranan vaxt və maliyyə itkisinin qarşısının alınmasına, əlavə sənəd təqdim etmədən “şəxsi kabinet” vasitəsilə internet üzərindən qeydiyyatdan keçməklə test və müsahibə mərhələlərində iştirakına imkan yaratmışdır.

Bu gün vətəndaşların muxtar respublikada dövlət qulluğuna müsabiqə və şəffaflıq əsasında qəbulu üçün lazımi şərait mövcuddur. Komissiyanın yaradılması məşğulluq strategiyasının həyata keçirilməsinə öz müsbət töhfəsini vermişdir. Belə ki, komissiya tərəfindən indiyədək keçirilmiş 17 müsabiqədə 5529 namizəd iştirak etmiş, onlardan 1144-ü müsabiqələri müvəffəqiyyətlə başa vuraraq dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinə təyin olunmuşdur. Hazırda muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının 40 faizi komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazanmış, müasir dünyagörüşə malik, işgüzar, savadlı, bacarıqlı, qanunvericilik və informasiya texnologiyaları üzrə bilikləri, habelə məntiqi düşüncə qabiliyyəti olan dövlət qulluqçularıdır. Komissiyanın keçirdiyi müsabiqələr nəticəsində məsləhətçi vəzifəsinə təyin olunmuş şəxslərdən bir qismi öz vəzifələrini uğurla yerinə yetirərək dövlət qulluğunda irəli çəkilmiş, 1 nəfər nazir, 1 nəfər nazir müavini, 2 nəfər İcra Hakimiyyəti başçısının müavini, 1 nəfər xidmət rəisinin müavini, 3 nəfər mərkəzi icra hakimiyyəti orqanının yerli bölməsinin rəhbəri, 1 nəfər idarə rəisinin müavini, 18 nəfər şöbə müdiri, 7 nəfər şöbə müdirinin müavini və 30 nəfər sektor müdiri vəzifələrinə təyin olunmuşdur. Bütün bunlar müdrik, gələcəyə hesablanmış kadr siyasətinin məntiqi nəticəsidir.

Komissiya tərəfindən dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrin test imtahanları keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar, Vergilər nazirlikləri, muxtar respublika Prokurorluğu, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidmətində vakant vəzifələrin tutulması və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üçün keçirilmiş 39 müsabiqədə iştirak edən 1905 namizəddən 593-ü test imtahanlarında müvafiq keçid balını toplamışdır.

Dövlət orqanlarına metodiki köməklik də göstərilir və dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların dövlət qulluqçuları tərəfindən öyrənilməsi ilə bağlı maarifləndirici tədbirlər həyata keçirilir. Hər il məhkəmə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün etik davranış qaydalarına riayət olunması, kargüzarlığın, dövlət qulluqçularının reyestrinin və şəxsi işlərinin aparılması qaydaları və digər mövzularda keçirilən seminarlarda yüzlərlə inzibati vəzifə tutan dövlət qulluqçusu iştirak edir.

Dövlət Qulluqçuları Reyestrinin məlumatlarına əsasən, muxtar respublikada 61 siyasi, 1976 inzibati və 508 yardımçı vəzifə olmaqla ümumilikdə 2545 dövlət qulluqçusu vardır ki, onların da 27 faizini gənclər, 24 faizini isə qadınlar təşkil edir.

Yuxarıda qeyd olunanlar, habelə keçirilən müsabiqələrdə iştirak edənlərin sayının ildən-ilə artması onu göstərir ki, bu sahədə həyata keçirilən dövlət siyasəti öz bəhrəsini verir və vətəndaşların, xüsusilə gənclərin dövlət qulluğuna, o cümlədən dövlət qulluğunun xüsusi növünə aid orqanlara marağı artır. Muxtar respublikada bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsi də öz intibah dövrünü yaşayır. Bütün uğurların təməlində isə ümummilli lider Heydər Əliyev yoluna sadiqlik və bu yolun uğurla davam etdirilməsi dayanır.

Bu gün Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının günün tələblərinə uyğun fəaliyyət göstərməsi üçün hərtərəfli şərait yaradılmış, dövlət qulluqçuları diqqət və qayğı ilə əhatə olunmuşdur. Hər bir dövlət qulluqçusu göstərilən qayğının müqabilində öz vəzifə səlahiyyətlərinə vicdanla yanaşmalıdır. Dövlət qulluqçusu unutmamalıdır ki, o, öz funksiyalarını icra edərkən, ilk növbədə dövlətin və cəmiyyətin mənafeyini əsas götürməli, ona tapşırılan hər bir vəzifəni böyük məsuliyyət və ləyaqətlə yerinə yetirməlidir. Əminik ki, hər bir dövlət qulluqçusu dövlət qulluğunun ona verdiyi hüquqları və üzərinə qoyduğu vəzifələri yalnız qanunauyğun surətdə və dövlətin mənafeyi naminə həyata keçirəcək, Heydər Əliyev ideyalarına, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcəkdir.