Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş müsahibənin nəticəsindən narazı qalan şəxslərin apellyasiya şikayətinə baxılması Qaydaları
Sənədin elektron variantıNAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT İMTAHAN MƏRKƏZİ
QƏRAR
№ 2
Naxçıvan şəhəri 7 may 2021-ci il
“Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən
keçirilmiş müsahibənin nəticəsindən narazı qalan şəxslərin
apellyasiya şikayətinə baxılması Qaydaları”nın
təsdiq edilməsi haqqında
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 7 iyul tarixli 70-V FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın 6.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 18 dekabr tarixli 48-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.2.1-ci yarımbəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi
QƏRARA ALIR:
1. “Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş müsahibənin nəticəsindən narazı qalan şəxslərin apellyasiya şikayətinə baxılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarın icrasına nəzarət Mərkəzin sədri tərəfindən həyata keçirilsin.
Sədr: İsmayıl Qəribli
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin 2021-ci il 7 may tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmişdir
Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş müsahibənin nəticəsindən narazı qalan
şəxslərin apellyasiya şikayətinə baxılması
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 7 iyul tarixli 70-V FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın 6.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün keçirilən müsahibənin nəticəsindən narazı qalan namizədlərin Apellyasiya Komissiyasına şikayət verməsi, apellyasiya şikayətinə baxılması və qərar qəbul edilməsi qaydalarını müəyyən edir.
1.2. Apellyasiya şikayətinə qanunçuluq, obyektivlik, bərabərlik, şəffaflıq və aşkarlıq prinsipləri əsasında baxılır. Apellyasiya Komissiyasının işinə müdaxilə yolverilməzdir.
2. Apellyasiya Komissiyasının təşkili və
apellyasiya şikayətinə baxılması
2.1. Apellyasiya şikayətinə baxılması üçün Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan sonra-Mərkəz) sədri tərəfindən Apellyasiya Komissiyası təşkil edilir. Apellyasiya Komissiyası sədr və digər 4 üzvdən ibarətdir.
2.2. Appelyasiya Komissiyasının sədri apellyasiyanın ədalətli və obyektiv keçirilməsini təmin etməlidir.
2.3. Apellyasiya şikayətinə baxılması üçün Apellyasiya Komissiyasının azı 3 üzvü iştirak etməlidir. Apellyasiya Komissiyası tərəfindən apellyasiya şikayətinə baxılarkən katib tərəfindən protokol tərtib edilir.
2.4. Apellyasiya Komissiyası şikayətə aidiyyəti dövlət orqanının nümayəndəsnin iştirakı ilə baxır və zəruri hallarda komissiyanın fəaliyyətinə mütəxəssislər cəlb edilə bilərlər.
2.5. Namizəd müsahibənin nəticəsi Mərkəzin rəsmi internet portalında yerləşdirildiyi gündən və ya daxili müsahibənin nəticəsi barədə arayış ona verildiyi gündən 5 iş günü müddətində Apellyasiya Komissiyasına şikayət verə bilər.
2.6. Şikayətdə şikayətçinin adı, atasının adı, soyadı, ünvanı, yaxud işlədiyi yer və şikayətin yazıldığı tarix göstərilməli, həmçinin şikayət həmin şəxs tərəfindən imzalanmalıdır.
2.7. Apellyasiya şikayətinə 7 iş günü müddətində Mərkəzin inzibati binasında baxılır və müvafiq qərar qəbul edilir.
2.8. Apellyasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə ən azı 2 gün əvvəlcədən namizədə və aidiyyəti şəxslərə məlumat verilir.
2.9. Namizəd tərəfindən verilmiş apellyasiya şikayəti onun iştirakı ilə araşdırılır.
2.10. Apellyasiya Komissiyasının üzvü namizədlərdən hər hansı biri ilə yaxın qohumluq və ya şəxsi yaxınlıq münasibətində olduqda, yaxud apellyasiya şikayətinə baxılması prinsiplərinin pozulmasına səbəb ola bilən hallar mövcud olduqda özü özünə etiraz edir. Namizəd qeyd olunan halları əsaslandırmaqla, Apellyasiya Komissiyasının hər hansı üzvünə (üzvlərinə) etiraz edə bilər.
Apellyasiya şikayətinə baxılmasına başlanarkən Apellyasiya Komissiyasının sədri komissiya üzvlərindən öz üzvlükləri barədə bu bənddə nəzərdə tutulmuş etirazlarının olub-olmamasını soruşur.
2.11. Appellyasiya şikayətinə baxılarkən namizəd Apellyasiya Komissiyasının üzvlərinə və apellyasiya şikayətinə baxılmasında iştirak edən digər şəxslərə qarşı qeyri-etik hərəkətlərə yol verdikdə və ya apellyasiya şikayətinə baxılmasına maneçilik etdikdə, Apellyasiya Komissiyasının sədri tərəfindən xəbərdarlıq edilə və ya apellyasiya şikayətinə baxılmasından kənarlaşdırıla bilər. Namizəd apellyasiya şikayətinə baxılmasından kənarlaşdırıldıqda apellyasiya şikayətinə onun iştirakı olmadan baxılır.
2.12. Apellyasiya şikayətinə baxılarkən müsahibənin videoçəkilişi (çəkiliş aparıldıqda), “Namizədin iddia etdiyi inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair bal cədvəli” və “Namizədin inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair yekun protokol”, habelə digər zəruri sənədlər Apellyasiya Komissiyasına təqdim edilir. Apellyasiya Komissiyası zərurət olduqda müsahibə komissiyasının üzvünü (üzvlərini), müsahibədə müşahidəçi qismində iştirak etmiş şəxsi (şəxsləri) və müvafiq sahə üzrə mütəxəssisi (mütəxəssisləri) apellyasiya şikayətinə baxılmasına dəvət edə bilər.
2.13. Apellyasiya Komissiyasında araşdırma aşağıdakı qaydada keçirilir:
2.13.1. namizədin apellyasiya şikayətinə dair mülahizələri dinlənilir;
2.13.2. namizədə aid olan və müsahibənin keçirilməsi ilə bağlı olan zəruri sənədlər nəzərdən keçirilir;
2.13.3. zərurət olduqda müsahibənin video çəkilişinə (çəkiliş aparıldıqda) baxılır;
2.13.4. dəvət edilmiş müsahibə komissiyasının üzvü (üzvləri) və müsahibədə müşahidəçi qismində iştirak etmiş şəxsin (şəxslərin) apellyasiya şikayətinə dair mülahizələri dinlənilir;
2.13.5. digər zəruri hallar araşdırılır.
2.14. Müsahibə komissiyasının üzvü (üzvləri) namizəd barədə verdiyi qiyməti əsaslandırmalıdır.
3. Qərar qəbul edilməsi
3.1. Apellyasiya Komissiyası tərəfindən qərar qəbul edilərkən yalnız Apellyasiya Komissiyasının üzvləri iştirak edir. Qərar Apellyasiya Komissiyası üzvlərinin açıq səsverməsi yolu və sadə səs çoxluğu ilə qəbul edilir və imzalanır. Apellyasiya Komissiyası üzvünün xüsusi rəyi olduqda, rəy qərara əlavə edilir.
3.2. Apellyasiya Komissiyası araşdırma nəticəsində aşağıdakı qərarlardan birini qəbul edir:
3.2.1. müsahibənin nəticəsini qüvvədə saxlayır;
3.2.2. müsahibənin nəticəsini ləğv edir.
3.3. Müsabiqənin nəticəsi ləğv edildikdə, habelə səsvermə zamanı səslər bərabər olduqda yeni tərkibdə müsahibə komissiyası yaradılmaqla müsahibə yenidən keçirilir.
3.4. Apellyasiya şikayətinə baxılmasının nəticələri protokolla rəsmiləşdirilir.
3.5. Qərar namizədə 3 iş günü müddətində verilir.