Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi qaydası
Sənədin elektron variantıNAXÇIVAN MUXTAR RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
“Naxçıvan Muxtar Respublikasında aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”nın
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 4 oktyabr tarixli 380 nömrəli Qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Naxçıvan Muxtar Respublikasında aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikasının Baş naziri |
|
Səbuhi Məmmədov |
Naxçıvan şəhəri, “25” oktyabr 2022-ci il
№ 206
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2022-ci il “25” oktyabr tarixli 206 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikasında aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi
Q A Y D A S I
1. Ümumi müddəa
1.1. Bu Qayda muxtar respublikada aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin (bundan sonra - müstəqil ekspert) imtahanının (bundan sonra - imtahan) keçirilməsi və imtahan nəticəsində müstəqil ekspert sertifikatının (bundan sonra - sertifikat) verilməsi ilə bağlı məsələləri tənzimləyir.
2. İmtahanın təşkili
2.1. İmtahan və imtahan nəticəsində sertifikatların verilməsi “Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsi (bundan sonra - Mərkəz) tərəfindən həyata keçirilir.
2.2. İmtahanda iştirak etmək istəyən namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:
2.2.1. bu Qaydanın 1 nömrəli əlavəsində qeyd olunmuş ixtisaslar üzrə ali, orta ixtisas və ya peşə təhsilinə malik olmalı;
2.2.2. bu Qaydanın 4.7-ci bəndi nəzərə alınmaqla, Aqrar Sığorta Fondu (bundan sonra - Fond) tərəfindən təşkil edilən təlimdən müvəffəqiyyətlə keçməli.
2.3. Peşə təhsili olan namizədlərin namizədliyinin qeydə alınması üçün müvafiq sahə üzrə 5 (beş) ildən az olmayaraq iş təcrübəsinə malik olmaları tələb olunur.
2.4. İmtahan bu Qaydanın 3.6-cı bəndinə əsasən təsdiq edilən təlim proqramına uyğun olaraq sertifikat növləri üzrə ixtisaslara dair sualları əhatə edir.
2.5. İmtahanın təşkili ilə əlaqədar Mərkəz:
2.5.1. imtahanın qrafikini, aparılma texnologiyasını müəyyən edir;
2.5.2. imtahan suallarına dair düzgün cavabların siyahısını tərtib edir və konfidensiallığın gözlənilməsi şərtilə həmin siyahının xüsusi ayrılmış məlumat bazasında saxlanılmasını təmin edir;
2.5.3. imtahan nəzarətçilərini müəyyən edir;
2.5.4. imtahanın keçirilmə tarixindən ən azı 1 (bir) ay əvvəl sənəd qəbuluna dair elan verir;
2.5.5. imtahanın qrafikini və imtahanda iştirak edəcək namizədlərin siyahısını internet saytı, mətbu orqan, habelə ixtisaslaşdırılmış nəşrlər vasitəsilə yayır;
2.5.6. imtahanın keçirilməsinə 10 (on) gün qalmış imtahanda iştirak edəcək hər bir namizədi məlumatlandırır;
2.5.7. imtahanda iştirak edəcək hər bir namizədə şəxsi eyniləşdirmə kodu verir;
2.5.8. imtahanın təşkili, keçirilməsi və nəticələri ilə əlaqədar ərizə, şikayət və təkliflərə baxır və həll edir;
2.5.9. imtahanın nəticəsinin elan edildiyi gündən 15 (on beş) gün müddətində bu Qaydanın 5.2-ci bəndi ilə müəyyən edilmiş sertifikatları verir.
2.6. İmtahan mərkəzləşdirilmiş qaydada ödənişli əsaslarla Mərkəz tərəfindən Naxçıvan şəhərində keçirilir. İmtahan üçün ödəniş məbləği 80 (səksən) manat (ƏDV daxil edilmədən) müəyyən edilir.
3. Təlimlərin təşkili və həyata keçirilməsi
3.1. Təlimin başlanmasına azı 1 (bir) ay qalmış Fondun rəsmi internet saytında və ya mətbu orqanda bu barədə elan verilir. Təşkil olunan təlimdə iştirak etmək üçün namizədlərin aşağıdakı sənədlərinin təqdim edilməsi tələb olunur:
3.1.1. şəxsiyyətini təsdiq edən sənədin surəti;
3.1.2. bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş ixtisasa malik olmasını təsdiq edən sənədin surəti;
3.1.3. peşə təhsilinə malik olan namizədlərə münasibətdə müvafiq sahə üzrə 5 (beş) ildən az olmayan iş təcrübəsinin olmasını təsdiq edən sənədin surəti;
3.1.4. xarici ölkədə ali təhsil aldıqda Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını təsdiq edən sənədin surəti;
3.1.5. ödəniş edilməsini təsdiq edən sənəd.
3.2. Bu Qaydanın 3.1-ci bəndinin tələblərinə əməl etməyən namizədlər təlimə buraxılmırlar.
3.3. Namizədlərin ali və ya orta ixtisas təhsili haqqında məlumatları yoxlanılır. Fond namizədlərin ali və ya orta ixtisas təhsili haqqında məlumatlarının yoxlanılması məqsədilə Mərkəzə sorğu göndərir. Mərkəz tərəfindən sorğu daxil olduğu gündən 5 (beş) iş günü müddətində yoxlama aparılır və yoxlamanın nəticəsi barədə Fonda rəsmi cavab verilir.
3.4. Təlimin keçirilməsi üzrə ödənişin məbləği Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla Fond tərəfindən müəyyən olunur.
3.5. Təlimlərin başlanmasına azı 7 (yeddi) iş günü qalmış bu Qaydanın 3.1-ci bəndində qeyd olunmuş sənədləri Fonda təqdim edilən namizədlər təlimə cəlb edilirlər.
3.6. Fond tərəfindən kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə ekspert-namizədlər üçün 104 (yüz dörd) saat, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə ekspert-namizədlər üçün 40 (qırx) saat, akvakultura məhsulları üzrə ekspert-namizədlər üçün isə 20 (iyirmi) saat olmaqla təlim təşkil edilir. Namizədlər üçün təşkil olunan təlimin tədris proqramı, habelə nəzəri-metodoloji, pedaqoji-metodik vəsaitlər Fond tərəfindən təsdiq olunur və təlim prosesi nəzəri və tətbiqi məşğələləri əhatə edir.
3.7. Fond namizədləri təlim materialları ilə təmin edir.
3.8. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə ekspert-namizədlər üçün təlim prosesi ərzində ən azı 16 (on altı) saat, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə ekspert-namizədlər üçün təlim prosesi ərzində ən azı 4 (dörd) saat, akvakultura məhsulları üzrə ekspert-namizədlər üçün təlim prosesi ərzində ən azı 2 (iki) saat olmaqla təsərrüfat sahələrində praktik təcrübə keçirilir.
3.9. Təlimlər üçün ayrılmış ümumi saatların 10 faizindən çoxunda üzrlü səbəb olmadan iştirak etməyən namizədlər imtahanda iştirak etmək hüquqlarını itirirlər və sertifikat almaq üçün yenidən təlimlərə cəlb olunmalıdırlar.
3.10. Üzrlü səbəbdən təlimdə iştirak edə bilməyən namizədin növbəti təlimlərdə buraxılan dərsləri bərpa etmək hüququ vardır.
3.11. Təlimi müvəffəqiyyətlə başa vurmuş şəxslərin siyahısı və bu Qaydanın 3.1.1-3.1.4-cü yarımbəndlərində nəzərdə tutulmuş sənədlər Fond tərəfindən Mərkəzə göndərilir.
4. İmtahanın keçirilməsi
4.1. Təlimi müvəffəqiyyətlə başa vurmuş şəxslərin siyahısı və sənədləri bu Qaydanın 3.11-ci bəndində nəzərdə tutulmuş qaydada Fond tərəfindən təqdim edildikdən sonra Mərkəz tərəfindən bu Qaydanın 2.5.4-cü yarımbəndinə uyğun olaraq sənəd qəbuluna dair elan verilir. İmtahan sənəd qəbulunun başa çatdığı gündən ən geci 1 (bir) ay müddətində keçirilməlidir.
4.2. İmtahanda iştirak etmək üçün namizəd sənəd qəbulunun həyata keçirildiyi müddət ərzində Mərkəzin internet portalı (bundan sonra - portal) vasitəsilə onlayn qeydiyyatdan keçir və portal vasitəsilə ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və imtahanın qaydaları barədə məlumatların əks olunduğu yaddaş kitabçası göndərilir.
4.3. İmtahan test tapşırıqlarından ibarətdir. Test tapşırıqlarının sayı Mərkəz tərəfindən müəyyən olunur. Test tapşırıqlarının aşağıdakı növləri vardır:
4.3.1. qapalı tipli, yəni verilən cavab variantlarından 1 (bir) doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları;
4.3.2. açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazılı formada ifadə olunması tələb olunan test tapşırıqları.
4.4. Namizədin imtahanda verdiyi cavablar aşağıdakı qaydada qiymətləndirilir:
4.4.1. qapalı tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla;
4.4.2. açıq tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 2, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla.
4.5. İmtahanın davametmə müddəti 90 (doxsan) dəqiqədir.
4.6. İmtahan üzrə toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır və həmin baldan 60 faiz (36 bal) nəticə əldə etmiş şəxs imtahanı müvəffəqiyyətlə keçmiş hesab olunur.
4.7. İmtahandan keçməyən namizədlərin növbəti 3 (üç) dəfə yenidən imtahanda iştirak etmək hüququ vardır. Növbəti 3 (üç) dəfə imtahandan keçə bilməyən namizədlər yalnız yenidən təlim prosesində təkrar iştirak etdikdən sonra imtahana buraxılırlar. Bu zaman onlar Fonda bu Qaydanın 3.1.5-ci yarımbəndinə uyğun olaraq ödəniş edilməsini təsdiq edən sənədi təqdim etməlidirlər.
4.8. İmtahanda müvəffəqiyyət qazanan namizədlər barədə məlumatlar Fonda təqdim olunur. İmtahanda iştirak etmiş namizədə Mərkəz tərəfindən imtahanın nəticəsi üzrə arayış verilir.
4.9. İmtahanın nəticəsindən narazı qalan namizəd bu barədə nəticənin ona elan olunduğu vaxtdan 3 (üç) iş günü müddətində Mərkəzə müraciət edə bilər.
4.10. Müraciətə namizədin iştirakı ilə baxılır və ona Mərkəz tərəfindən əsaslandırılmış cavab verilir. Namizədlərin imtahan nəticələrinin düzgün hesablanmadığı aşkar edildikdə, yenidən hesablama aparılır və namizədlərin imtahan nəticələri yenilənir.
4.11. İmtahanın nəticələri haqqında məlumat portalda yerləşdirilir.
4.12. İmtahan zamanı namizədin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:
4.12.1. saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək və ya sərxoş vəziyyətdə gəlmək;
4.12.2. imtahanlara mobil telefon və digər rabitə vasitələri, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;
4.12.3. imtahan binasına yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu qəbildən olan əşyalarla daxil olmaq, özü ilə tütün məmulatı gətirmək;
4.12.4. imtahan başlandığı andan yerini dəyişmək, gəzişmək, yerindən durmaq və imtahanın gedişinə mane olmaq;
4.12.5. imtahan başlandığı andan 30 (otuz) dəqiqə müddət bitənədək və imtahanın son 15 (on beş) dəqiqəsi ərzində imtahan zalından çıxmaq;
4.12.6. başqasının imtahan nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına (vərəqinə), sual kitabçasına baxmaq və ya öz cavab kartına (vərəqinə), sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;
4.12.7. nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;
4.12.8. cavab kartını (vərəqini) və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalını tərk etmək.
4.13. Mərkəz tərəfindən namizədin bu Qaydanın 4.12-ci bəndində qeyd edilən hərəkətlərə yol verməsi halları aşkar edildikdə onun imtahan nəticələrinin ləğv olunması barədə qərar qəbul edilir. Bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.
5. Müstəqil ekspertlərin sertifikatlaşdırılması
5.1. Mərkəz sertifikat verilməsi üçün imtahanın nəticələri əsasında hər bir namizəd barədə müvafiq qərar qəbul edir.
5.2. İmtahandan müvəffəqiyyətlə keçmiş şəxslərə aşağıdakı növ sertifikatlar verilir:
5.2.1. kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı;
5.2.2. kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;
5.2.3. akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.
5.3. Bu Qaydanın 5.2-ci bəndində qeyd edilən sertifikatların qüvvədəolma müddəti 5 (beş) ildir.
5.4. Müstəqil ekspert kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatının qüvvədəolma müddətinin sonuncu ilində növbəti sertifikat almaq üçün Mərkəz tərəfindən keçirilən imtahanda iştirak etməli və yenidən sertifikat almalıdır. Müstəqil ekspert sonradan iki dəfə eyni növ sertifikat aldıqda, sonuncu sertifikat müddətsiz verilir və həmin şəxs bu növ üzrə fəaliyyətini davam etdirmək üçün imtahana cəlb olunmur.
5.5. Sertifikat bu Qaydanın 2 nömrəli əlavəsində qeyd edilən formada tərtib olunur və Mərkəzin vəzifəli şəxsi tərəfindən imzalanaraq möhürlə təsdiq edilir.