İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə işə qəbul qaydaları
Sənədin elektron variantıNAXÇIVAN MUXTAR RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
“Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə işə qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə işə qəbul Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikasının Baş naziri |
|
Səbuhi Məmmədov |
Naxçıvan şəhəri, 6 aprel 2021-ci il
№ 85
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 6 aprel tarixli 85 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyinə işə qəbul
Q A Y D A L A R I
1. Ümumi müddəalar
1.2. Agentliyə işə qəbulun aparılması Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra - Mərkəz) tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.
1.3. Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.
1.4. Müsabiqə uyğun vakansiya kvotası yarandıqda Agentliklə birlikdə Mərkəz tərəfindən elan edilir.
2. Agentlikdə işçilərə tələbatın müəyyənləşdirilməsi
2.2. Sosial məzuniyyət yeri vakansiya hesab olunmur.
3. Müsabiqədə vətəndaşların iştirakı
3.1. İnzibati vəzifələrin tutulması üçün ali təhsil, tibb sığorta koordinatoru vəzifəsinin tutulması üçün isə ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom), yaxud ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənəd (arayış) almış, xarici ölkədə aldığı təhsil sənədi qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış Azərbaycan Respublikasının vətəndaşları müsabiqədə iştirak edə bilərlər.
3.2. Müsabiqə haqqında elan Mərkəzin internet portalında yerləşdirilir və muxtar respublikanın kütləvi informasiya vasitələrində dərc olunur.
3.3. Müsabiqədə iştirak etmək üçün müraciətlər müsabiqə elan edildiyi gündən etibarən 30 gün ərzində Mərkəzin internet portalı vasitəsilə elektron formada qəbul edilir.
3.4. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar aşağıda göstərilən sənədləri Mərkəzin internet portalı vasitəsilə Mərkəzə təqdim etməlidirlər:
3.4.1. şəxsiyyət vəsiqəsinin surəti;
3.4.2. dövlət nümunəli təhsil sənədinin (diplomun), yaxud ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənədin (arayışın) surəti;
3.4.3. əmək kitabçasının surəti (zərurət olarsa).
3.5. Müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmiş şəxslərin dövlət nümunəli təhsil sənədlərinin hüquqiliyinin yoxlanılması məqsədi ilə onların siyahısı Mərkəz tərəfindən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası regional bölməsinə göndərilir.
3.6. 2003-cü ildən sonra ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş, lakin “Tələbə-məzun” dövlət elektron məlumat sistemində diplom nömrələri aşkar olunmayan şəxslərin elektron müraciətləri Mərkəz tərəfindən ləğv olunur və bu barədə 3 iş günü müddətində onlara rəsmi məlumat verilir.
3.7. Xarici ali təhsil müəssisələrinin məzunları təhsil sənədlərinin Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyinə dair şəhadətnamənin əslini və notarial qaydada təsdiq olunmuş surətini Mərkəzə təqdim etməlidirlər.
4. Test imtahanının keçirilməsi qaydası
4.1. Test imtahanının keçirilmə qrafiki Mərkəzin internet portalında yerləşdirilir.
4.2. Test imtahanında iştirak etmək üçün vətəndaşlar Mərkəzin internet portalı vasitəsilə onlayn qeydiyyatdan keçir və onlara qeydiyyatdan keçdiklərini təsdiq edən elektron bildiriş göndərilir.
4.3. Namizəd şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə, test imtahanında iştirak edir.
4.4. Namizəd test imtahanında iştirak edərkən Mərkəz tərəfindən müəyyən olunmuş tələblərə və qadağalara əməl etməlidir. Namizədin bu tələblərə və qadağalara əməl etməməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun imtahan nəticələrinin ləğv olunması barədə qərar qəbul edilir.
4.5. Test imtahanı kompüter vasitəsilə keçirilir.
4.6. Test imtahanında hər bir namizədə ümumilikdə 100 olmaqla, qanunvericiliyə dair 40 (ümumi qanunvericilik 30, sahəvi qanunvericilik 10), Azərbaycan dilinə dair 15, məntiqə dair 30, informasiya və kommunikasiya texnologiyalarına dair 15 test tapşırığı təqdim edilir.
4.7. Test tapşırıqları qapalı və açıq tipli ola bilər.
4.8. Test imtahanının məzmunu, imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü (qapalı tipli test tapşırıqları, açıq tipli test tapşırıqları), sahələr və çətinlik üzrə konkret bölgüsü Mərkəz tərəfindən müəyyən edilir.
4.9. İmtahanın davametmə müddəti Mərkəz tərəfindən imtahanının məzmunundan (namizədlərə verilən test tapşırıqlarının növündən və sayından) asılı olaraq, aşağıdakı qayda nəzərə alınmaqla müəyyən edilir:
4.9.1. qapalı tipli test tapşırıqlarının hər biri üçün 1 dəqiqə 30 saniyə;
4.9.2. açıq tipli test tapşırıqlarının hər biri üçün 2 dəqiqə.
4.10. Texniki səbəblərdən müəyyən edilmiş vaxtda imtahanın aparılması mümkün olmadıqda, Mərkəzin qərarı əsasında imtahan davam etdirilə və ya yenidən keçirilə bilər.
4.11. Test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla qiymətləndirilir.
4.12. Test imtahanının nəticələri haqqında məlumat dərhal Mərkəzin internet portalında yerləşdirilir və namizədlərə “Test imtahanının nəticəsi haqqında arayış” verilir.
4.13. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında iştirak etməyənlər üçün təkrar imtahan keçirilmir.
4.14. Test imtahanında ən azı 65 bal toplamış ali təhsilli və 50 bal toplamış orta ixtisas təhsilli namizədlər bu mərhələdən keçmiş sayılırlar və zəruri sənədləri Agentliyə təqdim etməklə müsahibə mərhələsinə buraxılırlar.
4.15. Test imtahanının nəticələri ilə bağlı apelyasiya şikayətinə imtahan başa çatdıqdan sonra 1 həftə ərzində Agentliyin səlahiyyətli nümayəndələrinin iştirakı ilə Mərkəzdə baxılır və müvafiq qərar qəbul edilir.
5. Müsahibənin keçirilməsi qaydası
5.1. Agentlik test imtahanı mərhələsi başa çatdıqdan sonra 1 ay müddətində həmin vakant vəzifənin tutulması üçün müsahibə keçirilməsi barədə qərar qəbul edir və bu barədə Mərkəzə məlumat verir.
5.2. Müsahibə elanı, vakant vəzifə üzrə vəzifə təlimatı və müsahibə proqramları Agentliyin internet saytında yerləşdirilir, habelə müsahibə elan edilməzdən azı 10 gün əvvəl Mərkəzə təqdim olunur və Mərkəz həmin məlumatların öz internet portalında yerləşdirilməsini təmin edir.
5.3. Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, Mərkəzin internet portalında, Agentliyin internet saytında və muxtar respublikanın digər kütləvi informasiya vasitələrində verilir.
5.4. Müsahibədə namizəd vakant vəzifənin tutulması üçün müəyyən edilmiş tələblərə uyğun olaraq iştirak edə bilər.
5.5. Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) Mərkəzin internet portalında və Agentliyin internet saytında yerləşdirilir.
5.6. Müsahibənin təşkili üçün 3 nəfərdən ibarət tərkibdə, Mərkəzin 1 nümayəndəsi, 1 müstəqil ekspert və Agentliyin 1 nümayəndəsi daxil olmaqla müsahibə komissiyası yaradılır.
5.7. Namizədlə yaxın qohumluq əlaqəsi olan şəxslər, bilavasitə və ya dolayı yolla müsahibənin nəticəsində maraqlı olan, obyektivliyi və qərəzsizliyi şübhə doğuran şəxslər və ali təhsili olmayan şəxslər müsahibə komissiyasının üzvü ola bilməzlər.
5.8. Müsahibə keçirilən gün müsahibədə iştirak edəcək namizədlərin siyahısı və şəxsi işləri müsahibə başlanmazdan əvvəl müsahibə komissiyasına təqdim edilir.
5.9. Müsahibə videoçəkiliş aparılmaqla və digər müşahidəçilərin iştirakı ilə (olduğu halda) keçirilir. Bu halda videoçəkilişlər və ya müşahidəçilərin iştirakı müsahibənin keçirilməsinə, eləcə də müsahibə komissiyasının normal fəaliyyətinə maneə törətməməlidir. Əgər belə maneə törətmə halları müvafiq xəbərdarlıqdan sonra da təkrar olunarsa, videoçəkiliş və ya müşahidəçilərin iştirakı məhdudlaşdırıla və ya qadağan edilə bilər.
5.10. Müsahibə namizədin vakant vəzifəyə uyğunluğunu müəyyən etmək üçün müsahibə komissiyasının ona suallar, tapşırıqlar verməsi və namizədin həmin sualları cavablandırması, tapşırıqları yerinə yetirməsi, habelə namizədin dinlənilməsi, müsahibə komissiyası üzvlərinin müşahidə aparması və qısa izahlar verməsi yolu ilə həyata keçirilir.
5.11. Namizədə verilən suallar və tapşırıqlar aydın olmadıqda, namizədin həmin sualları və tapşırıqları aydınlaşdırmaq hüququ vardır.
5.12. Namizədin bilik səviyyəsinin qiymətləndirilməsi əvvəlcədən elan edilmiş müsahibə proqramı əsasında həyata keçirilir. Bilik səviyyəsinin qiymətləndirilməsi məqsədi ilə namizədə müsahibə proqramından kənar sualların verilməsi yolverilməzdir.
5.13. Mərkəz müsahibə proqramlarının hazırlanmasında iştirak edir və təsdiqinə razılıq verir.
5.14. Hər bir namizədlə müsahibə fərdi qaydada və dövlət dilində aparılır. Müsahibədə namizədə verilən sualların və tapşırıqların cavablandırılması üçün ən azı 20 dəqiqə vaxt ayrılır.
5.15. Namizəd müsahibənin aparılacağı yerə müəyyən edilmiş vaxtda gəlmədikdə, müsahibə komissiyasının üzvləri tərəfindən onun müsahibədə iştirak etməməsi barədə akt tərtib edilir.
5.16. Müsahibədə üzrlü səbəblər olmadan iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin keçirilməsinə yol verilmir.
5.17. Müsahibə komissiyasının hər bir üzvü namizədin vakant vəzifəyə uyğunluğunu aşağıdakı meyarlara əsasən qiymətləndirir:
5.17.1. bilik səviyyəsi - namizədin vakant vəzifəyə dair müsahibə proqramı üzrə bilikləri;
5.17.2. peşə hazırlığı - namizədin vakant vəzifənin tutulması şərtlərinə uyğun olaraq nəzəri və qanunvericilik biliklərini tətbiqetmə bacarığı və vəzifənin tutulma şərtlərinə uyğun olaraq xarici dil, informasiya texnologiyaları üzrə bilikləri;
5.17.3. ümumi dünyagörüşü - namizədin muxtar respublikada, ölkədə və dünyada baş verən mühüm hadisələrə dair məlumatlılığı, habelə bu hadisələrə dair mülahizələri;
5.17.4. vakant vəzifə üçün zəruri olan keyfiyyətlər - namizədin emosional sabitliyi, məsuliyyətliliyi, məqsədyönlülüyü, dürüstlüyü, özünütənqid, nüfuzetmə, təhliletmə, ünsiyyətqurma bacarıqları.
5.18. Hər bir qiymətləndirmə meyarı üçün ən yüksək bal 5, ən aşağı bal isə 2-dir. Hər bir meyar üzrə verilmiş qiymətlər toplanaraq, namizəd barədə ümumi bal müəyyən edilir və “Namizədin vakant vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair bal cədvəli” ilə rəsmiləşdirilir (1 nömrəli əlavə).
5.19. Müsahibə komissiyasının üzvləri tərəfindən hər bir meyar üzrə verilmiş ballar “Namizədin vakant vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair bal cədvəli”nin müvafiq hissəsində qeyd olunmalı və hər bir meyar üzrə verilmiş bal əsaslandırılmalıdır.
5.20. Müsahibə komissiyası üzvlərinin verdiyi ümumi ballar toplanılır və komissiya üzvlərinin sayına bölünərək, orta bal müəyyən edilir. Müsahibənin yekun nəticələri “Namizədin vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair yekun protokol”la rəsmiləşdirilir (2 nömrəli əlavə).
5.21. Müsahibə komissiyası üzvlərinin namizədin qiymətləndirilməsi zamanı verdiyi ümumi ballar arasında müsahibə nəticəsinə təsir edən fərq (3 və daha çox bal) olduqda, müsahibənin nəticəsi etibarsız hesab edilir.
5.22. Vakant vəzifə üzrə keçirilmiş müsahibədən 16 və daha çox bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur və vakant vəzifəyə təyin edilmək üçün beş iş günü müddətində Agentliyə təqdim edilir.
5.23. Müsahibənin nəticələri Agentliyin internet saytında və Mərkəzin internet portalında yerləşdirilir.
5.24. Mərkəz namizədlərin müsahibə sənədlərinin (o cümlədən müsahibə qeydlərinin və videoçəkilişlərin) 2 il müddətində mühafizəsini təmin edir.
5.25. Namizədlərin müsahibə nəticələri eyni olduqda test imtahanında daha çox bal toplamış şəxs vakant vəzifəyə təyin olunur.
5.26. Müsahibənin nəticəsi ilə razı olmayan namizədin apelyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra 1 həftə müddətində Mərkəzin səlahiyyətli nümayəndələrinin və müstəqil ekspertlərin iştirakı ilə Agentlikdə baxılır və müvafiq qərar qəbul edilir. Həmin qərar 3 iş günü müddətində namizədə verilir. Namizəd bu qərardan qanunvericilikdə müəyyən edilmiş qaydada şikayət verə bilər.
6. Məsuliyyət
Bu Qaydaların tələblərinin pozulmasına görə Mərkəzin və Agentliyin vəzifəli şəxsləri, habelə müstəqil ekspertlər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.