28 Mart 2023,  
...

“Heydər Əliyev və Azərbaycanda müasir dövlət qulluğu sisteminin yaradılması” mövzusunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə Mərkəzin sədri İsmayıl Qəribli açaraq bildirib ki, Azərbaycan Respublikasında müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı və əməli fəaliyyəti ilə sıx bağlıdır. Məhz onun 1993-cü ildə ali siyasi hakimiyyətə qayıdışından sonra ölkədə xaos və anarxiyanın qarşısı alındı, dövlət nizamı və sabit dövlət idarəçiliyi bərpa edildi, demokratik, hüquqi dövlət quruculuğu prosesi başlandı.

İsmayıl Qəribli çıxışını davam etdirərək deyib ki, Ümummilli Liderin müstəqillik dövründə dövlət qulluğunun təkmilləşdirilməsi məqsədilə atdığı addımlar sayəsində  2000-ci il iyulun 21-də respublikamızda ilk dəfə olaraq "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bununla da Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyuldu. “Dövlət qulluğu haqqında” qanun qəbul edildikdən sonra mütəmadi olaraq təkmilləşdirilmiş, 180-dən artıq dəyişikliklə mükəmməl bir hüquqi akt yaradılmışdır.

Qeyd olunub ki, Ümummilli Liderin dövlət qulluğu siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının imzası ilə mühüm dövlət proqramları təsdiq olunub, dövlət qulluğu sahəsində mütərəqqi normativ-hüquqi baza formalaşdırılıb, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları vaxtında aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizmi yaradılıb, dövlət qulluğu sahəsində münasibətlərin tənzimlənməsi daim nəzərdə saxlanılıb. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi Ümummilli Liderin bu istiqamətdə əsasını qoyduğu işlərin uğurla davam etdirilməsinin məntiqi nəticəsidir.

İsmayıl Qəribli vurğulayıb ki, ölkə başçısı tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının günün tələblərinə uyğun fəaliyyət göstərməsi üçün  hərtərəfli şərait yaradılıb, dövlət qulluqçuları qayğı ilə əhatə olunub, öz fəaliyyəti ilə fərqlənənlər təltif ediliblər. Göstərilən qayğının müqabilində hər bir dövlət qulluqçusu bundan sonra da səylə çalışmalı, ölkəmizin inkişafı və tərəqqisinə öz töhfəsini verməlidir.

Sonra Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Razi Məmmədov dövlət qulluğu haqqında qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasınıb Qanununa edilmiş dəyişikliyə uyğun olaraq "etik davranış üzrə müvəkkil" vəzifəsi təsis edilib. Rəhbər vəzifələr üzrə 3 ildən az olmamaqla, 5 ildən çox dövlət qulluğunda inzibati vəzifələrdə qulluq keçən və yüksək mənəvi keyfiyyətlərə malik şəxslər etik davranış üzrə müvəkkil ola bilərlər. Qeyd olunub ki, etik müvəkkil dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı maarifləndirilməsi, etik davranış qaydalarının tətbiqi, etik davranış qaydalarının pozulmasının qarşısının alınması istiqamətində tədbirlər görür.

Onu da qeyd edək ki, 48 dövlət orqanını təmsil edən nümayəndələrin iştirakı ilə keçirilən tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.