Dövlət qulluğu vəzifələri üçün Sertifikatın forması
Sənədin elektron variantıNAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
Q Ə R A R I
"Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu vəzifələri
üzrə test imtahanından keçmək barədə Sertifikatın
Forması"nın təsdiq edilməsi haqqında
"Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 87 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
"Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması" təsdiq edilsin (əlavə olunur).
Naxçıvan Muxtar Respublikasının
Baş naziri: Ə.Baxşıyev
27 may 2017-ci il
№ 49
Hq-04
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 27 may tarixli 49 nömrəli qərarı ilə təsdiq edilmişdir
Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu
vəzifələri üzrə test imtahanından keçmək barədə
S E R T İ F İ K A T I N F O R M A S I
1. Qanunvericiliyə əsasən test imtahanından müəyyən edilmiş keçid balını toplayan şəxsə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi (bundan sonra - Mərkəz) tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğunun müvafiq inzibati vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən Sertifikat (bundan sonra – Sertifikat) verilir. Şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə Sertifikat ala bilər.
2. Sertifikatın verilməsi üçün inzibati və yardımçı vəzifələr A, B, C və D A və B növləri üzrə aşağıdakı qruplara bölünür:
2.1. A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:
2.1.1. AA qrupu;
2.1.2. AB qrupu;
2.1.3. AC qrupu;
2.2. B növü - inzibati icraçı vəzifələr üzrə:
2.2.1. BA qrupu;
2.2.2. BB qrupu;
2.3. C növü - yardımçı kargüzarlıq vəzifələri üzrə:
2.3.1. CA qrupu;
2.4. D növü - yardımçı texniki vəzifələr üzrə:
2.4.1. DA qrupu.
3. A, B, C və D A və B növünə daxil olan qruplar inzibati və yardımçı vəzifələrin təsnifatına uyğun olaraq, bu Formanın əlavəsində göstərilən altqruplara bölünür. Sertifikatlar altqruplara daxil olan vəzifələrə uyğun olaraq verilir.
4. Vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər.
5. Sertifikat xüsusi mühafizə nişanları olan blankda tərtib edilir. Blank A 4 formatdadır.
6. Sertifikatda aşağıdakılar göstərilir:
6.1. Sertifikatın yuxarı hissəsində Dövlət gerbinin rəngli təsviri;
6.2. Dövlət gerbinin altında birinci sətirdə " Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi ", ikinci sətirdə "Dövlət qulluğu vəzifəsi üzrə test imtahanını keçməyi təsdiq edən" sözləri, üçüncü sətirdə "Sertifikat" sözü;
6.3. "Sertifikat" sözünün qarşısında Sertifikatın qeydiyyat nömrəsi;
6.4. Sertifikat sahibinin Fərdi İdentifikasiya Nömrəsi, soyadı, adı və atasının adı;
6.5. imtahan nəticələri (sualların sayı, toplanması mümkün olan maksimal bal, imtahanda toplanılan bal və imtahan nəticələrinə dair digər məlumatlar);
6.6. Sertifikatın müsahibədə iştirak etmək hüququ verdiyi vəzifə (növü, təsnifatı, qrupu və altqrupu);
6.7. aşağıdakı məzmunda Qeyd:
"Qeyd. Bu Sertifikat qanunvericiliklə və vəzifə təlimatları ilə müəyyən edilmiş tələb və şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşına "Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması"nın təsdiq edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 27 may tarixli 49 nömrəli qərarında nəzərdə tutulmuş qrup və altqruplara aid vəzifələr üzrə müsahibədə iştirak etmək hüququ verir.";
6.8. Sertifikatın verilməsi barədə Mərkəzin qərarı (qərarın nömrəsi, tarixi və Sertifikatın etibarlılıq müddəti);
6.9. Mərkəzin sədrinin adı, soyadı, imzası və möhür.
7. Sertifikat blankının nümunəsi Mərkəz tərəfindən müəyyən edilir.
8. Sertifikat namizəddə saxlanılır. Sertifikat yalnız şəxsiyyəti təsdiq edən sənədlə birgə təqdim edildikdə etibarlıdır.
9. Sertifikat əvvəlki nömrəsi saxlanılmaqla aşağıdakı hallarda dəyişdirilə bilər:
9.1. namizədin soyadı, adı, atasının adı dəyişdikdə;
9.2. Sertifikatda yazılan məlumatlarda yanlışlıq və ya səhv aşkar edildikdə;
9.3. Sertifikat yararsız hala düşdükdə.
10. Sertifikat itirildikdə onun dublikatı verilir.
11. Mərkəz dövlət qulluğu vəzifələri üzrə verdiyi sertifikatların uçotunu aparır.