Mərkəz haqqında ümumi məlumat
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 22 aprel tarixli 118-III FR nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmış, Ali Məclis Sədrinin 2008-ci il 28 aprel tarixli 119-III FR nömrəli Fərmanı ilə Komissiyanın Əsasnaməsi təsdiq olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 7 iyul tarixli 69-V FR nömrəli Fərmanı ilə Komissiyanın yeni Əsasnaməsi qəbul olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 18 dekabr tarixli 48-VI FR nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əsasında Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi yaradılmış və nizamnaməsi təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların Naxçıvan Muxtar Respublikasında tətbiqini təşkil edən, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının etik davranış qaydalarına əməl olunmasına nəzarət edilməsi, dövlət qulluqçularının əlavə təhsili, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən yaradılmış digər dövlət orqanlarında və publik hüquqi şəxslərdə işə qəbul, attestasiya, sertifikasiya və qiymətləndirmənin həyata keçirilməsi sahəsində qanunvericiliklə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin edən publik hüquqi şəxsdir.
Mərkəz dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması sahəsində təkliflər hazırlayır, dövlət qulluğu və kadr məsələləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üçün tələb olunan normativ hüquqi aktların layihələrini hazırlayır, dövlət qulluqçularının peşə hazırlığı və əlavə təhsili sahəsində dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, bu sahədə işlərin vəziyyətini təhlil edir və təkliflər hazırlayır, müvafiq sahədə kadr hazırlığını təmin edir, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görür, müvafiq qurumların əməkdaşlarının reyestrini təkmilləşdirir və ondan səmərəli istifadə olunmasını təmin edir.
Bundan başqa, Mərkəz dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edir, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün, eləcə də prokurorluq, daxili işlər, ədliyyə, fövqəladə hallar, miqrasiya, gömrük, vergi və dövlət qulluğunun xüsusi növünə aid olan digər orqanlarda vətəndaşların qulluğa qəbul edilməsi, müvafiq qurumlarda işə qəbul, işçilərin attestasiyası, sertifikasiyası və digər qaydada qiymətləndirilməsi üçün imtahanları keçirir, imtahanlarda şəffaflığı təmin edir, həmçinin dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət edir və etik davranış qaydaları haqqında qanunvericiliyin tətbiqi ilə bağlı məsələləri əlaqələndirir.
Mərkəz 22 noyabr 2010-cu il tarixdə Naxçıvan şəhərində fəaliyyətə başlamışdır. 14 iyul 2011-ci il tarixdə – ulu öndərimizin Azərbaycanda ali hakimiyyətə gəlməsinin 42-ci il dönümü günündə Mərkəz üçün yeni inzibati binanın açılışı olmuşdur. Mərkəz Naxçıvan şəhəri, C. Məmmədquluzadə küçəsi 23 ünvanında yerləşir.