Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki müəssisələrə işə qəbul qaydaları
Sənədin elektron variantıAZƏRBAYCAN RESPUBLİKASI
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 fevral tarixli 49 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki müəssisələrə işə qəbul Qaydaları”nda
dəyişiklik edilməsi haqqında
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin müraciətini və Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin rəyini nəzərə alaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 fevral tarixli 49 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki müəssisələrə işə qəbul Qaydaları” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
Naxçıvan Muxtar Respublikasının Baş naziri |
|
Səbuhi Məmmədov |
Naxçıvan şəhəri, “27” yanvar 2023-cü il
№ 11
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il 27 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmişdir
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki müəssisələrə işə qəbul
Q A Y D A L A R I
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar ali və orta ixtisas təhsilli şəxslərin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin (muzeylər, kitabxanalar, mədəniyyət sarayları, evləri və klublar, rəsm qalereyası, dövlət qoruqları və muzey tipli müəssisələr, tədris və elmi-metodik müəssisələr, kino, dövlət teatr və konsert müəssisələri) mütəxəssis vəzifələrinə, habelə musiqi təhsili müəssisələrinin inzibati vəzifələrinə işə qəbulunun aparılması məsələlərini tənzimləyir.
1.2. Nazirliyin kadr nomenklaturasına daxil olan vəzifələr, “Şərur” Xalq Yallı Ansamblının üzvləri, texniki vəzifələr, habelə səs avadanlıqları üzrə mühəndis, texnik (radist), texnik, səhnə işıqçısı, musiqi alətlərinin təmirçisi-kökləyicisi, işıqçı, butaforçu-dekoratorçu, teatr geyimləri üzrə dərzi, dekorasiyaların hazırlanması üzrə dülgər, kuklahazırlayan, mühəndis, mühəndis-texnik, havalandırma üzrə texnik vəzifələri üzrə işə qəbul müsabiqədənkənar həyata keçirilir.
1.3. Mədəniyyət müəssisələrinə (bundan sonra - müəssisələr) işə qəbulun aparılması Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra - Mərkəz) və Nazirlik tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.
1.4. Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Qabiliyyət tələb olunan ixtisaslar üzrə vəzifələri tutmaq istəyən namizədlər (bədii və yaradıcı heyət) üçün işə qəbul yalnız müsahibə vasitəsilə aparılır.
1.5. Test imtahanı kompüter, müsahibə isə dinləmə vasitəsilə keçirilir.
1.6. Müsabiqə uyğun vakansiya yarandıqda Nazirliklə birlikdə Mərkəz tərəfindən elan edilir.
1.7. İşçilərin əməyinin stimullaşdırılması məqsədilə müəssisə daxilində daha yüksək vəzifəyə təyin olunması, intizam tənbeh tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar və ya işçilərin öz istəyi ilə aşağı vəzifəyə keçirilməsi, həmçinin rəhbər vəzifələrdə çalışan şəxslərin işdən azad olunması zamanı onların ixtisasına uyğun digər vəzifəyə keçirilməsi müsabiqədənkənar həyata keçirilə bilər.
2. Müəssisələrdə işçilərə tələbatın müəyyənləşdirilməsi
2.1. Müəssisələrdə yaranan vakant yerlər haqqında məlumatı müəssisə rəhbərliyi tabelik üzrə rayon (şəhər) mədəniyyət idarəsinə (şöbəsinə), mədəniyyət idarəsinin (şöbəsinin) rəhbərliyi və bilavasitə Nazirliyə tabe olan mədəniyyət müəssisələri isə Nazirliyə təqdim edir. Bu məlumatların düzgünlüyü Nazirliyin müvafiq struktur bölməsi tərəfindən yoxlanılır.
2.2. Müəssisədə hər hansı ştat üzrə uyğun ixtisaslı kadr olmadıqda, həmin yer vakant hesab olunur və həmin vəzifələrin müsabiqəyə çıxarılması mərhələli şəkildə həyata keçirilir.
2.3. Sosial məzuniyyət yeri vakansiya hesab olunmur.
2.4. Yaşayış yerinin dəyişdirilməsi, müəssisənin ləğvi, ştatların ixtisarı və s. üzrlü hallarda işçinin müvafiq müəssisədə əvvəlki vəzifəsinə uyğun işlə təmin edilməsi müsabiqədənkənar həyata keçirilə bilər.
2.5. Mövcud vakansiyalar üzrə müsabiqə yolu ilə ixtisaslı kadrlar təyin olunanadək müəssisənin fəaliyyətinin fasiləsizliyini təmin etmək məqsədilə müvafiq ixtisas təhsilli şəxslər vakant vəzifələrə müddətli əmək müqaviləsi əsasında müvəqqəti cəlb edilə bilərlər.
3. Müəssisələrdə işçilərin işə qəbulu
3.1. Müsabiqədə ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom), yaxud ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənəd (arayış) almış, xarici ölkədə aldığı təhsil sənədi qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
3.2. Müsabiqə haqqında elan Mərkəzin internet portalında və muxtar respublikanın digər kütləvi informasiya vasitələrində yerləşdirilir.
3.3. Müsabiqədə iştirak etmək üçün müraciətlər müsabiqə elan edildiyi gündən etibarən 30 (otuz) gün ərzində Mərkəzin internet portalı vasitəsilə elektron formada qəbul edilir.
3.4. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar aşağıda göstərilən sənədləri Mərkəzin internet portalı vasitəsilə Mərkəzə təqdim etməlidirlər:
3.4.1. şəxsiyyət vəsiqəsinin surəti;
3.4.2. dövlət nümunəli təhsil sənədinin (diplomun) və ya ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənədin (arayışın) surəti;
3.4.3. əmək kitabçasının surəti (zərurət olarsa).
3.5. Namizədlərin müvafiq vakant vəzifəyə uyğunluğu Nazirlik tərəfindən təqdim edilmiş vəzifə təlimatlarına uyğun müəyyənləşdirilir.
3.6. Müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmiş şəxslərin dövlət nümunəli təhsil sənədlərinin hüquqiliyinin yoxlanılması məqsədi ilə onların siyahısı Mərkəz tərəfindən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası regional bölməsinə göndərilir.
3.7. 2003-cü ildən sonra ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş, lakin “Tələbə-məzun” dövlət elektron məlumat sistemində diplom nömrələri aşkar olunmayan şəxslərin elektron müraciətləri Mərkəz tərəfindən ləğv olunur və bu barədə 3 (üç) iş günü müddətində onlara rəsmi məlumat verilir.
3.8. Xarici ali təhsil müəssisələrinin məzunları təhsil sənədlərinin Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyinə dair şəhadətnamənin əslini və notarial qaydada təsdiq olunmuş surətini Mərkəzə təqdim etməlidirlər.
4. Test imtahanının keçirilməsi
4.1. Test imtahanının keçirilmə qrafiki Mərkəzin internet portalında yerləşdirilir.
4.2. Namizədlər şəxsiyyət vəsiqələrini təqdim etməklə test imtahanında iştirak edirlər.
4.3. Mədəniyyət müəssisələrinə işə qəbul üçün test imtahanında hər bir namizədə ümumilikdə 40 olmaqla, mədəniyyət sahəsində qanunvericilik üzrə 20, mədəniyyət sahəsində ümumi dünyagörüş üzrə 15, informasiya və kommunikasiya texnologiyalarına aid 5 test tapşırığı təqdim edilir.
4.4. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 60 dəqiqə vaxt verilir.
4.5. Hər bir düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir.
4.6. Test tapşırıqlarının 50 faizini (20 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.
4.7. Test imtahanının nəticələri dərhal Mərkəzin internet portalında yerləşdirilir və namizədlərə “Test imtahanının nəticəsi haqqında arayış” verilir.
4.8. Test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin siyahısı 4.10-cu bənddə göstərilmiş müddət başa çatdıqdan sonra 3 (üç) iş günü ərzində məlumat üçün Nazirliyə göndərilir.
4.9. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında iştirak etməyənlər üçün təkrar imtahan keçirilmir.
4.10. Test imtahanının nəticələri ilə bağlı apelyasiya şikayətinə bütün ixtisaslar üzrə test imtahanları başa çatdıqdan sonra 1 (bir) həftə ərzində Nazirliyin səlahiyyətli nümayəndələrinin və mütəxəssislərin iştirakı ilə Mərkəzdə baxılır və müvafiq qərar qəbul edilir.
4.11. Keçid balını toplamış namizədlər müsahibə mərhələsinə buraxılır.
5. Müsahibənin keçirilməsi
5.1. Müsahibənin keçirilməsi üçün Nazirlikdən 1, Mərkəzdən 1, muxtar respublikada fəaliyyət göstərən mədəniyyət sahəsi üzrə ali təhsilli mütəxəssislərdən müstəqil ekspert qismində 3 nəfər olmaqla cəmi 5 üzvdən ibarət müsahibə komissiyası yaradılır. Müsahibə komissiyasının tərkibi Mərkəz tərəfindən təsdiq edilir. Müsahibənin keçiriləcəyi yer Nazirlik tərəfindən müəyyənləşdirilir.
5.2. Müsahibə mərhələsində namizədin praktik hazırlığı və peşəkarlıq qabiliyyəti yoxlanılır.
5.3. Müsahibə mərhələsində namizədə verilən tapşırıqların yerinə yetirilməsi üçün 30 dəqiqə vaxt ayrılır.
5.4. Müsahibənin nəticələri balla qiymətləndirilir.
5.5. Müsahibə komissiyası namizədlərin ixtisas bacarığını müvafiq meyarlar üzrə 5 ballıq sistem əsasında qiymətləndirir, hər bir namizəd üçün ümumi bal çıxarır və nəticələri “Namizədin qiymətləndirilməsinə dair bal cədvəli” ilə rəsmiləşdirir (1 nömrəli əlavə).
5.6. Müsahibə komissiyasının üzvləri tərəfindən hər bir namizədə verilmiş ballar onların şəxsi mülahizələri ilə “Namizədin qiymətləndirilməsinə dair bal cədvəli”nin müvafiq hissəsində tam əsaslandırılmalıdır.
5.7. Müsahibənin yekun nəticələri “Namizədin qiymətləndirilməsinə dair yekun protokol”la rəsmiləşdirilir (2 nömrəli əlavə).
5.8. Müsahibə komissiyasının üzvlərinin namizəd barəsində verdiyi ballar arasında əhəmiyyətli fərq (4 və daha çox bal) olduqda və ya müsahibənin keçirilməsi zamanı obyektivlik və şəffaflıq prinsipləri pozulduqda müsahibənin nəticəsi ləğv edilə və yeni müsahibə komissiyası yaradıla bilər.
5.9. Müsahibənin nəticəsi barədə arayış namizədə müsahibənin keçirildiyi gündən 2 (iki) iş günü müddətində verilir.
5.10. Müsahibədə 12 və ya daha çox bal toplamış namizədlər müsahibədən keçmiş sayılır və imtahan nəticələri Nazirliyə təqdim olunur. Müsahibə mərhələsində ən yüksək bal toplamış namizəd müvafiq vəzifəyə təyin edilir.
5.11. “Namizədin qiymətləndirilməsinə dair bal cədvəli” 2 (iki) il müddətində Nazirlikdə saxlanılır.
5.12. Müsahibə nəticələri eyni olduqda test imtahanında daha çox bal toplamış şəxs vəzifəyə təyin olunur. Ali və orta ixtisas təhsilli namizədlər tərəfindən test imtahanında eyni bal toplandıqda, ali təhsilli namizədə, keçid balını toplamış namizədlərin hamısı ali təhsilli və ya orta ixtisas təhsilli olduqda ixtisas fənni üzrə daha çox bal toplayan namizədə üstünlük verilir.
5.13. Müsahibənin nəticəsi ilə razı olmayan namizədin apellyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra 1 (bir) həftə müddətində Mərkəzin səlahiyyətli nümayəndələrinin və müstəqil ekspertlərin iştirakı ilə Nazirlikdə baxılır və müvafiq qərar qəbul edilir. Həmin qərar 3 (üç) iş günü müddətində namizədə verilir. Namizəd bu qərardan qanunvericilikdə müəyyən edilmiş qaydada şikayət verə bilər.
6. Qaydaların pozulmasına görə məsuliyyət
İşçilərin işə qəbulu ilə əlaqədar bu Qaydalara riayət edilməməsinə görə Nazirliyin və Mərkəzin vəzifəli şəxsləri, müəssisələrin rəhbərləri, habelə müstəqil ekspertlər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.