Müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsi
Sənədin elektron variantıAZƏRBAYCAN RESPUBLİKASI
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 8 may tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə
işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin müraciətini və Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin rəyini nəzərə alaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 8 may tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
Naxçıvan Muxtar Respublikasının Baş naziri |
|
Səbuhi Məmmədov |
Naxçıvan şəhəri, “27” yanvar 2023-cü il
№ 12
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il 27 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir
Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu
Q A Y D A L A R I
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar ali və orta ixtisas musiqi təhsilli şəxslərin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində fəaliyyət göstərən musiqi təhsili müəssisələrinə işə qəbulunun aparılması məsələlərini tənzimləyir.
1.2. Müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə (bundan sonra - müəssisələr) işə qəbulu Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) və Nazirlik tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.
1.3. Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.
1.4. Test imtahanı kompüter, müsahibə isə dinləmə vasitəsilə keçirilir.
1.5. Müsabiqə uyğun vakansiya yarandıqda Nazirliklə birlikdə Mərkəz tərəfindən elan edilir.
2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi
2.1. Müəssisələrdə işləyən müəllimlər arasında dərs bölgüsü qanunvericiliyə uyğun aparılmaqla vakant yerlər haqqında məlumatı müəssisə rəhbərliyi tabelik üzrə rayon (şəhər) mədəniyyət idarəsinə (şöbəsinə), mədəniyyət idarəsi (şöbəsi) Nazirliyə təqdim edir. Bu məlumatların düzgünlüyü Nazirliyin müvafiq struktur bölməsi tərəfindən yoxlanılır.
2.2. Müəssisələrdə işləyən müəllimlər üçün həftəlik dərs yükü 12 saat, yəni 1 (bir) stavka (həftəlik dərs yükü 3 (üç) stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü müvafiq saatdan az olarsa, həmin saatlar, ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisas və fənlər üzrə kadr olmadıqda, həmin dərs saatları vakant hesab olunur və müsabiqəyə çıxarılması üçün təqdim edilir.
2.3. Sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiya hesab olunmur. Sosial məzuniyyətdə olan müəllimlərə hər tədris ilinin əvvəlində tarifləşmə cədvəlində müvafiq dərs yükü ayrılır və əmrləşdirilir.
2.4. İntizam tənbehi tədbiri əsasında işdən azad edilən şəxslər 6 ay müddətində müsabiqəyə buraxılmır.
2.5. Müstəsna hallarda tədris prosesinin fasiləsizliyinin və operativliyinin təmin edilməsi məqsədilə Nazirliyin sisteminə daxil olan hər hansı məktəbdə mövcud olan vakansiyanın dərhal komplektləşdirilməsinə zərurət olduqda, həmin vakansiya üzrə işə qəbul müsabiqədənkənar qaydada həyata keçirilə bilər. Vakansiyanın müsabiqədənkənar qaydada komlektləşdirilməsi üçün müvafiq olaraq mədəniyyət idarələri (şöbələri) tərəfindən Nazirliyə əsaslandırılmış təqdimat verilir. Müsabiqədənkənar qəbul müvəqqəti xarakter daşıyır və həmin şəxslərlə bağlanmış əmək müqaviləsinin tədris ilinin sonundan artıq müddətə qədər davam etməsinə yol verilmir.
2.6. Musiqi məktəblərinin rəhbər vəzifəli şəxsləri hər hansı bir səbəbdən işdən azad olunan zaman onlar ixtisasına uyğun digər vəzifəyə keçirilə və yaxud ixtisası üzrə müəllim saxlanıla bilər.
2.7. Yaşayış yerinin dəyişdirilməsi, müəssisənin ləğvi və digər üzrlü hallarda işçinin müvafiq müəssisədə əvvəlki vəzifəsinə uyğun işlə təmin edilməsi müsabiqədənkənar həyata keçirilə bilər.
2.8. Müəssisələrdə daimi əmək müqaviləsi ilə işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı müraciətlərə uyğun vakant yer yarandığı təqdirdə Nazirliyin razılığı ilə mədəniyyət idarələri (şöbələri) tərəfindən fərdi qaydada baxılır. Yerdəyişmə ilə bağlı qərar qəbul edilərkən müharibə iştirakçılarına və şəhid ailələrinin üzvlərinə üstünlük verilir.
3. Müəssisələrdə müəllimlərin işə qəbulu
3.1. Müəllimlərin işə qəbulu müsabiqəsində ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom), yaxud ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənəd (arayış) almış, xarici ölkədə aldığı təhsil sənədi qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
3.2. Müsabiqə haqqında elan Mərkəzin internet portalında və muxtar respublikanın digər kütləvi informasiya vasitələrində yerləşdirilir.
3.3. Müsabiqədə iştirak etmək üçün müraciətlər müsabiqə elan edildiyi gündən etibarən 30 (otuz) gün ərzində Mərkəzin internet portalı vasitəsilə elektron formada qəbul edilir.
3.4. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar aşağıda göstərilən sənədləri Mərkəzin internet portalı vasitəsilə Mərkəzə təqdim etməlidirlər:
3.4.1. şəxsiyyət vəsiqəsinin surəti;
3.4.2. dövlət nümunəli təhsil sənədinin (diplomun) və ya ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənədin (arayışın) surəti;
3.4.3. əmək kitabçasının surəti (zərurət olarsa);
3.5. Müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmiş şəxslərin dövlət nümunəli təhsil sənədlərinin hüquqiliyinin yoxlanılması məqsədi ilə onların siyahısı Mərkəz tərəfindən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası regional bölməsinə göndərilir.
3.6. 2003-cü ildən sonra ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş, lakin “Tələbə məzun” dövlət elektron məlumat sistemində diplom nömrələri aşkar olunmayan şəxslərin elektron müraciətləri Mərkəz tərəfindən ləğv olunur və bu barədə 3 (üç) iş günü müddətində onlara rəsmi məlumat verilir.
3.7. Xarici ali təhsil müəssisələrinin məzunları təhsil sənədlərinin Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyinə dair şəhadətnamənin əslini və notarial qaydada təsdiq olunmuş surətini Mərkəzə təqdim etməlidirlər.
4. Test imtahanının keçirilməsi
4.1. Test imtahanının keçirilmə qrafiki Mərkəzin internet portalında yerləşdirilir.
4.2. Namizədlər şəxsiyyət vəsiqələrini təqdim etməklə test imtahanında iştirak edirlər.
4.3. Müəssisələrə işə qəbul üçün test imtahanında hər bir namizədə musiqi sahəsi üzrə ixtisas biliklərini qiymətləndirmək üçün 30, mədəniyyət sahəsi üzrə ümumi dünyagörüşünü əhatə edən 10 olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim edilir. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 60 dəqiqə vaxt verilir.
4.4. Hər bir düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir.
4.5. Müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 50 faizini (20 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilirlər.
4.6. Test imtahanının nəticələri dərhal Mərkəzin internet portalında yerləşdirilir və namizədlərə “Test imtahanının nəticəsi haqqında arayış” verilir.
4.7. Test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin siyahısı 4.9-cu bənddə göstərilmiş müddət başa çatdıqdan sonra 3 (üç) iş günü ərzində məlumat üçün Nazirliyə göndərilir.
4.8. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında iştirak etməyənlər üçün təkrar imtahan keçirilmir.
4.9. Test imtahanının nəticələri ilə bağlı apellyasiya şikayətinə bütün ixtisaslar üzrə test imtahanları başa çatdıqdan sonra 5 (beş) gün ərzində Nazirliyin səlahiyyətli nümayəndələrinin və mütəxəssislərin iştirakı ilə Mərkəzdə baxılır və müvafiq qərar qəbul edilir.
4.10. Keçid balını toplamış namizədlər müsahibə mərhələsinə buraxılır.
5. Müsahibənin keçirilməsi
5.1. Müsahibənin keçirilməsi üçün Nazirlikdən 1, Mərkəzdən 1, muxtar respublikada fəaliyyət göstərən ali təhsilli mütəxəssislərdən müstəqil ekspert qismində 3 nəfər olmaqla, 5 üzvdən ibarət müsahibə komissiyası yaradılır. Müsahibə komissiyasının tərkibi Mərkəz tərəfindən təsdiq edilir. Müsahibənin keçiriləcəyi yer Nazirlik tərəfindən müəyyənləşdirilir.
5.2. Müsahibə mərhələsində namizədin praktik hazırlığı, peşəkarlığı və ifaçılıq qabiliyyəti yoxlanılır.
5.3. Müsahibə mərhələsində namizədə verilən tapşırıqların yerinə yetirilməsi üçün 20 dəqiqə vaxt ayrılır.
5.4. Müsahibənin nəticələri balla qiymətləndirilir.
5.5. Müsahibə komissiyası namizədlərin ixtisas bacarığını müvafiq meyarlar üzrə beşballıq sistem əsasında qiymətləndirir, hər bir namizəd üçün ümumi bal çıxarır və nəticələri “Namizədin qiymətləndirilməsinə dair bal cədvəli” ilə rəsmiləşdirir (1 nömrəli əlavə).
5.6. Müsahibə komissiyasının üzvləri tərəfindən hər bir namizədə verilmiş ballar onların şəxsi mülahizələri ilə “Namizədin qiymətləndirilməsinə dair bal cədvəli”nin müvafiq hissəsində tam əsaslandırılmalıdır.
5.7. Müsahibənin yekun nəticələri “Namizədin qiymətləndirilməsinə dair yekun protokol”la rəsmiləşdirilir (2 nömrəli əlavə).
5.8. Müsahibə komissiyasının üzvlərinin namizəd barəsində verdiyi ballar arasında əhəmiyyətli fərq (4 və daha çox bal) olduqda və ya müsahibənin keçirilməsi zamanı obyektivlik və şəffaflıq prinsipləri pozulduqda müsahibənin nəticəsi ləğv edilə və yeni müsahibə komissiyası yaradıla bilər.
5.9. Müsahibənin nəticəsi barədə arayış namizədə müsahibənin keçirildiyi gündən 2 (iki) iş günü müddətində verilir.
5.10. Müsahibədə 12 və ya daha çox bal toplamış namizədlər bu mərhələdən keçmiş sayılır və imtahan nəticələri Nazirliyə təqdim olunur. Müsahibə mərhələsində ən yüksək bal toplamış namizəd müvafiq vəzifəyə təyin olunur.
5.11. “Namizədin qiymətləndirilməsinə dair bal cədvəli” 2 (iki) il müddətində Nazirlikdə saxlanılır.
5.12. Müsahibə nəticələri eyni olduqda test imtahanında daha çox bal toplamış şəxs vəzifəyə təyin olunur. Ali və orta ixtisas təhsilli namizədlər tərəfindən test imtahanında eyni bal toplanıldıqda, ali təhsilli namizədə, keçid balını toplamış namizədlərin hamısı ali təhsilli və ya orta ixtisas təhsilli olduqda ixtisas fənni üzrə daha çox bal toplayan namizədə üstünlük verilir. İxtisas fənni üzrə toplanılan bal eyni olduqda pedaqoji stajı daha çox olan, pedaqoji staj eyni olduqda isə diplom göstəriciləri daha yaxşı olan namizədə üstünlük verilir.
5.13. Müsahibənin nəticəsi ilə razı olmayan namizədin apellyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra 1 (bir) həftə müddətində Mərkəzin səlahiyyətli nümayəndələrinin və müstəqil ekspertlərin iştirakı ilə Nazirlikdə baxılır və müvafiq qərar qəbul edilir. Həmin qərar barədə 3 (üç) iş günü müddətində namizədə məlumat verilir. Namizəd bu qərardan qanunvericilikdə müəyyən edilmiş qaydada şikayət verə bilər.
6. Müəllimlərin bilik və bacarıqlarının
qiymətləndirilməsinin aparılması
6.1. Musiqi təhsili müəssisələrində müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi (bundan sonra - qiymətləndirilmə) müəllimlərin bilik və bacarıq səviyyəsinin müəyyənləşdirilib üzə çıxarılması, qiymətləndirilmə aparılan müəllimlərin müvafiq dərs yükü normasının optimallaşdırılmasının təmin edilməsi məqsədilə test üsulu və müsahibə vasitəsi ilə iki mərhələdə aparılır.
6.2. Qiymətləndirilməyə müəssisələrdə əsas iş yeri olaraq daimi əmək müqaviləsi əsasında işləyən müəllimlər və tam ştat vəzifə üzrə çalışan pedaqoji işçilər cəlb olunurlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən əmək müqaviləsinin işəgötürən tərəfindən birtərəfli qaydada ləğv edilməsi qadağan edilən, mədəniyyət sahəsində fəxri adı olan, habelə qiymətləndirilmə keçirilən tədris ilinin əvvəlinə pensiya yaşına 3 il və daha az qalmış müəllimlər qiymətləndirilməyə cəlb olunmur.
6.3. Qiymətləndirilmədə iştirak edəcək müəllimlərin siyahısı rayon (şəhər) mədəniyyət idarələri (şöbələri) tərəfindən Nazirliyə verilir. Nazirlik həmin siyahıları Mərkəzə təqdim edir və siyahıda adı göstərilən qiymətləndirilmədə iştirak edəcək müəllimlərə qiymətləndirilmə barədə məlumat verir.
6.4. Qiymətləndirilmədə iştirak edəcək müəllimlər aşağıda göstərilən sənədləri Mərkəzin internet portalı vasitəsilə Mərkəzə təqdim etməlidirlər:
6.4.1. şəxsiyyət vəsiqəsinin surəti;
6.4.2. ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənədin (diplomun) surəti;
6.4.3. əmək kitabçasının surəti;
6.5. İştirakçıların dövlət nümunəli təhsil sənədlərinin hüquqiliyinin yoxlanılması məqsədi ilə onların siyahısı Mərkəz tərəfindən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası regional bölməsinə göndərilir.
6.6. 2003-cü ildən sonra ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş, lakin “Tələbə-məzun” dövlət elektron məlumat sistemində diplom nömrələri aşkar olunmayan şəxslər qiymətləndirilmə imtahanlarına buraxılmır və bu barədə 3 (üç) iş günü müddətində onlara rəsmi məlumat verilir.
6.7. Qiymətləndirilmənin keçirilmə qrafiki Mərkəzin internet portalında yerləşdirilir.
6.8. İştirakçılar şəxsiyyət vəsiqələrini təqdim etməklə qiymətləndirilməyə buraxılırlar.
6.9. Test imtahanında hər bir iştirakçıya musiqi sahəsi üzrə ixtisas biliklərinin qiymətləndirilməsi üçün 30, mədəniyyət sahəsi üzrə ümumi dünyagörüşünü əhatə edən 10, ümumilikdə 40 test tapşırığı təqdim edilir.
6.10. Hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir.
6.11. İştirakçılara test tapşırıqlarının yerinə yetirilməsi üçün 60 dəqiqə vaxt ayrılır.
6.12. Test tapşırıqlarının 50 faizini (20 bal) düzgün cavablandırmış şəxslər bu mərhələdən keçmiş hesab olunur və imtahan mərhələsinin nəticələri Mərkəz tərəfindən “Test imtahanının nəticəsi haqqında arayış”la rəsmiləşdirilir.
6.13. Test imtahanın nəticələri ilə bağlı apellyasiya şikayətinə bütün ixtisaslar üzrə test imtahanları başa çatdıqdan sonra 1 (bir) həftə ərzində Nazirliyin səlahiyyətli nümayəndələrinin və mütəxəssislərin iştirakı ilə Mərkəzdə baxılır və müvafiq qərar qəbul edilir. Birinci mərhələdə müvəffəqiyyət qazanmış iştirakçıların siyahısı göstərilmiş apellyasiya şikayətinin müddəti başa çatdıqdan sonra 3 (üç) iş günü müddətində Nazirliyə göndərilir və iştirakçılara ikinci mərhələnin keçirilmə vaxtı və yeri barədə Nazirlik tərəfindən məlumat verilir.
6.14. Müsahibə zamanı iştirakçıların müvafiq ixtisas bacarıqlarının qiymətləndirilməsi aşağıda göstərilən qaydada aparılır:
6.14.1 müsahibənin keçirilməsi üçün Nazirlikdən 1, Mərkəzdən 1, muxtar respublikada fəaliyyət göstərən ali təhsilli müstəqil ekspert qismində 3 nəfər olmaqla, 5 üzvdən ibarət müsahibə komissiyası yaradılır;
6.14.2. müsahibə mərhələsində müəllimin praktik hazırlığı, peşəkarlıq və ifaçılıq qabiliyyəti yoxlanılır;
6.14.3. müsahibə mərhələsində müəllimə verilən tapşırıqların yerinə yetirilməsi üçün 20 dəqiqə vaxt ayrılır;
6.14.4. müsahibənin nəticələri balla qiymətləndirilir;
6.14.5. müsahibə komissiyası müəllimlərin ixtisas bacarığını müvafiq meyarlar üzrə 5 (beş) ballıq sistem əsasında qiymətləndirir, hər bir müəllim üçün ümumi bal çıxarır və nəticələri “Müəllimin qiymətləndirilməsinə dair bal cədvəli” ilə rəsmiləşdirir (3 nömrəli əlavə);
6.14.6. müsahibə komissiyasının üzvləri tərəfindən hər bir müəllimə verilmiş ballar onların şəxsi mülahizələri ilə “Müəllimin qiymətləndirilməsinə dair bal cədvəli”nin müvafiq hissəsində tam əsaslandırılmalıdır.
6.14.7. müsahibənin yekun nəticələri “Müəllimin qiymətləndirilməsinə dair yekun protokol”la rəsmiləşdirilir (4 nömrəli əlavə);
6.14.8. müsahibə komissiyasının üzvlərinin müəllim barəsində verdiyi ballar arasında əhəmiyyətli fərq (4 və daha çox bal) olduqda və ya müsahibənin keçirilməsi zamanı obyektivlik və şəffaflıq prinsipləri pozulduqda müsahibənin nəticəsi ləğv edilə və yeni müsahibə komissiyası yaradıla bilər;
6.14.9. müsahibənin nəticəsi barədə arayış müəllimə müsahibənin keçirildiyi gündən 2 (iki) iş günü müddətində verilir;
6.14.10. müsahibədə 12 və ya daha çox bal toplamış müəllim bu mərhələdən keçmiş sayılır.
6.15. “Müəllimin qiymətləndirilməsinə dair bal cədvəli” və “Müəllimin qiymətləndirilməsinə dair yekun protokol” 2 (iki) il müddətində Nazirlikdə saxlanılır.
6.16. Müəssisələrin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi və onların karyera inkişafı zamanı qiymətləndirilmənin nəticələri nəzərə alınır.
6.17. Bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlər iş yerini dəyişərlərsə, aparılmış qiymətləndirilmənin nəticələri yerdəyişmənin həyata keçirildiyi vaxtdan etibarən onlara şamil edilir. Həmin müəllimlərdən təkrar olaraq qiymətləndirilmədə iştirak etmək tələb olunmur.
6.18. Mərkəz və Nazirlik tərəfindən keçirilmiş müsabiqə vasitəsilə müəssisələrdə işə qəbul olunmuş müəllimlər bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulurlar.
6.19. Qiymətləndirilmədə zəif nəticə göstərmiş iştirakçılar nəticələrini yaxşılaşdırmaq məqsədilə 1 (bir) il sonra təkrar qiymətləndirilmədə yenidən iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər.
6.20. Qiymətləndirilmə prosesinin gedişatı, sualların məzmunu və digər məsələlərlə bağlı imtahan verən iştirakçılara müraciətlərinə qiymətləndirilmə başa çatdıqdan sonra 1 (bir) həftə ərzində Nazirliyin səlahiyyətli nümayəndələrinin iştirakı ilə Mərkəzdə baxılır və müvafiq qərar qəbul edilir.
6.21. Təkrar qiymətləndirmədə iştirak etməyən və bu Qaydalar ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən müəllimlər qiymətləndirmədən keçməmiş hesab olunurlar. Həmin müəllimlərin əmək müqaviləsinə xitam verilir və Nazirlik tərəfindən vakant yerlərə işə qəbul üçün Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinə müraciət edilir.
7. Qaydaların pozulmasına görə məsuliyyət
Müəllimlərin işə qəbulu və qiymətləndirilməsi ilə əlaqədar bu Qaydalara riayət edilməməsinə görə Nazirliyin və Mərkəzin vəzifəli şəxsləri, müəssisələrin rəhbərləri, habelə müstəqil ekspertlər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
8. Keçid müddəa
1 iyul 2021-ci il tarixədək dövlət musiqi təhsili müəssisələrində müəllim vəzifəsində işləyən orta təhsilli şəxslər müvafiq qiymətləndirilmə aparılmaqla, həmin müəssisələrdə müəllim vəzifəsində işləyən və pensiya yaşına çatmasına ən çoxu 3 il qalan şəxslər isə müvafiq qiymətləndirilmə aparılmadan tutduqları vəzifələr üzrə ixtisaslı kadrlar təyin olunanadək müddətli əmək müqaviləsi əsasında əmək fəaliyyətlərini davam etdirirlər.
Bu müddəanın birinci hissəsində göstərilən müəllimlər müəssisələrdə işlədiyi dövrdə ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olunarsa, onlar ali və ya orta ixtisas təhsilini başa vuranadək əmək fəaliyyətini davam etdirirlər.