Müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu qaydaları
Sənədin elektron variantıNAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
Q Ə R A R I
“Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında
“Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikası vətəndaşının muxtar respublikada dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 17 may tarixli 54 nömrəli qərarı ləğv edilsin.
Naxçıvan Muxtar Respublikasının
Baş naziri: Ə.Baxşıyev
«9» sentyabr 2017-ci il
№ 86
Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2017-ci il
9 sentyabr tarixli 86 nömrəli
qərarı ilə təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu
Q A Y D A L A R I
1. Bu Qaydalar Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısını və sənədlərin qəbulu qaydalarını müəyyən edir.
2. Test imtahanından keçmiş namizədlərin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmaması qanunvericiliyə uyğun olaraq qabaqcadan yoxlanılır.
3. Müsabiqənin test imtahanının nəticələri haqqında məlumat Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi (bundan sonra - Mərkəz) internet portalında verilir. Test imtahanından keçmiş namizəd imtahanın nəticələri elan edildiyi gündən 10 (on) iş günü müddətində Mərkəzin internet portalında (bundan sonra – portal) bu Qaydaların əlavəsində göstərilmiş dövlət qulluğu üzrə müraciət formasını (bundan sonra – Forma) doldurur. Namizədin Forma vasitəsilə təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri həmin Formaya əlavə edilir:
3.1. ali təhsil haqqında sənədin surəti;
3.2. əmək kitabçasının surəti (olduğu halda).
4. Formaya daxil edilmiş məlumatların və sənədlərin düzgünlüyü dövlət orqanları tərəfindən aparılan aşağıdakı elektron informasiya ehtiyatları əsasında yoxlanılır:
4.1. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi;
4.2. “Tələbə-məzun” dövlət elektron məlumat sistemi;
4.2-1. “Şagird-məzun” dövlət elektron məlumat sistemi;
4.3. Naxçıvan Muxtar Respublikası Dövlət Qulluqçularının Reyestri;
4.4. fərdi uçot sistemində sığortaolunanların məlumat bazası;
4.5. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid elektron informasiya sistemi.
5. Formaya daxil edilmiş məlumatların düzgünlüyünün yoxlanılması və ya eyniləşdirilməsi məqsədi ilə test imtahanında müvəffəqiyyət qazanmış namizəd bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq Formaya əlavə olunmuş sənədlərlə yanaşı, aşağıdakı sənədlərin də skan edilmiş surətlərini 6-1-ci hissədə göstərilən müddət başa çatanadək portala yükləyir və namizədin elektron şəxsi işi yaradılır:
5.1. şəxsiyyəti təsdiq edən sənədin surəti;
5.2. kadrlar uçotunun şəxsi vərəqəsi;
5.3. müvafiq dövlət qulluğu vəzifəsi üzrə malik olduğu sertifikatın surəti.
Qeyd. Skan edilmiş sənədlər tam, ardıcıl, oxunaqlı və aydın olmalıdır.
6. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə müsahibə elan edildikdə, namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq həmin müsahibədə iştirak edə bilər.
6-1. Müsahibədə iştirakla bağlı müraciət etmək istəyən namizəd Forma vasitəsilə portala daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda portalda müvafiq düzəlişləri edir, həmin məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq edir və müsahibə elanı verildiyi gündən 30 (otuz) gün müddətində həmin müsahibədə iştirak üçün portal vasitəsilə müvafiq dövlət orqanına elektron müraciət edir.
7. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliyin tələblərinə cavab verməlidir. Müvafiq tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
8. Müsahibədə iştirakla bağlı müraciət etmək istəyən namizəd Forma vasitəsilə portala daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişləri edir.
9. Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portaladaxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.
10. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
11. Namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifənin tutulmasının ümumi şərtlərinə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatların verilməsi aşkar edildikdə, namizədin test imtahanında və (və ya) müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul olunur və 3 (üç) iş günü müddətində portal vasitəsilənamizədə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.
12. Namizədin nəticələri etibarsız hesab edildiyi halda, onun müsabiqədə iştirak etməsi ilə bağlı etdiyi ödənişlər geri qaytarılmır.
13. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər bu barədə qərar qəbul edildikdən sonra 5 (beş) iş günü müddətində vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün Mərkəz tərəfindən dövlət orqanının rəhbərinə təqdim olunur.
Dövlət orqanının rəhbəri namizədlərin təqdim olunduğu gündən 15 (on beş) gün müddətində qəbul etdiyi qərar barədə Mərkəzə məlumat verməlidir.