Tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiya qaydası
Sənədin elektron variantıNAXÇIVAN MUXTAR RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
“Naxçıvan Muxtar Respublikasında tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyasının aparılması
Qaydaları”nın təsdiq edilməsi haqqında
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
“Naxçıvan Muxtar Respublikasında tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyasının aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Naxçıvan Muxtar Respublikasının Baş Naziri |
|
Səbuhi Məmmədov |
6 oktyabr 2020-ci il
№ 173
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 oktyabr tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmişdir
Naxçıvan Muxtar Respublikasında tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyasının aparılması
Q A Y D A L A R I
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar tibb ixtisasları üzrə ali və orta ixtisas təhsilli şəxslərin (bundan sonra - tibb işçiləri) Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində olan səhiyyə müəssisələrinə mərkəzləşdirilmiş qaydada işə qəbulu və sertifikasiyasının aparılması qaydalarını müəyyən edir.
1.2. Tibb işçilərinin işə qəbulu və sertifikasiyası onların bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, səhiyyə müəssislərində işləməyə layiqli olmasının müəyyən edilməsi məqsədi ilə obyektivlik və şəffaflıq prinsipləri əsasında həyata keçirilir.
1.3. Tibb işçilərinin işə qəbulu və sertifikasiyası Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra - Mərkəz) tərəfindən test imtahanı formasında və kompüter vasitəsilə keçirilir.
2. Tibb işçilərinin işə qəbulu
2.1. Tibb işçilərinin işə qəbulu qaydaları səhiyyə müəssisələrinin rəhbərləri və onların müavinlərinə, müəssisələrin struktur bölmələrinin rəhbərlərinə və dövlət proqramı ilə xaricdə təhsil almış şəxslərə şamil edilmir.
2.2. Səhiyyə müəssisələrində tibb ixtisasları üzrə vakant vəzifələr yarandığı halda vakansiya kvotası barədə məlumatlar Nazirlik tərəfindən Mərkəzə təqdim edilir. Vakansiya kvotası yetərli sayıldıqda Mərkəz tərəfindən müsabiqə elan edilir.
2.3. Müsabiqə haqqında elan Mərkəzin internet portalında və muxtar respublikanın kütləvi informasiya vasitələrində yerləşdirilir.
2.4. Müsabiqədə iştirak etmək üçün müraciətlər müsabiqə elan edildiyi gündən etibarən 30 gün ərzində Mərkəzin internet portalı vasitəsilə elektron formada qəbul edilir.
2.5. Müsabiqədə iştirak etmək istəyən şəxslər Mərkəzin internet portalında “Şəxsi kabinet” yaratmalı və aşağıda göstərilən sənədləri yükləməlidirlər:
2.5.1. şəxsiyyət vəsiqəsinin surəti;
2.5.2. dövlət nümunəli təhsil sənədinin (diplomun) və ya ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənədin (arayışın) surəti;
2.5.3. ixtisaslaşma haqqında sənədin surəti (olduğu halda);
2.5.4. əmək kitabçasının surəti (olduğu halda);
2.5.5. elmi və ya ixtisas dərəcəsi haqqında sənədin surəti (olduğu halda).
2.6. Xarici ali təhsil müəssisələrinin məzunları təhsil sənədlərinin Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyinə dair şəhadətnamənin əslini və notarial qaydada təsdiq olunmuş surətini Mərkəzə təqdim etməlidirlər.
2.7. Müsabiqədə iştirak etmək istəyən şəxs özünü xarakterizə edən başqa sənədləri də “Şəxsi kabinet”ə əlavə edə bilər.
2.8. Sənəd qəbulu başa çatdıqdan sonra təqdim olunan sənədlər qəbul edilmir.
2.9. Müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmiş şəxslərin dövlət nümunəli təhsil sənədlərinin hüquqiliyinin yoxlanılması məqsədi ilə onların siyahısı Mərkəz tərəfindən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası regional bölməsinə göndərilir.
2.10. 2003-cü ildən sonra ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş, lakin “Tələbə-məzun” dövlət elektron məlumat sistemində diplom nömrələri aşkar olunmayan şəxslərin elektron müraciətləri Mərkəz tərəfindən ləğv olunur və bu barədə 3 iş günü müddətində onlara rəsmi məlumat verilir.
2.11. Namizəd işə qəbul olunmaq üçün ixtisasına və ya əsas (baza ali) tibb təhsilinə uyğun vakant yerlər seçə bilər.
2.12. Test imtahanının keçirilmə qrafiki Mərkəzin internet portalında yerləşdirilir.
2.13. Namizədlər şəxsiyyət vəsiqələrini təqdim etməklə test imtahanında iştirak edirlər.
2.14. Namizədlərə imtahan üçün 180 dəqiqə vaxt verilir və imtahan zamanı fasilə verilmir.
2.15. İmtahan sualları test və klinik tapşırıq hissələrinə bölünür və konfidensiallıq gözlənilməklə, üç mürəkkəblik dərəcəsi üzrə tərtib edilir. Sualların mürəkkəblik dərəcəsi Mərkəz tərəfindən müəyyən edilir.
2.16. İmtahan suallarının test hissəsi 60 sualdan ibarət olur. Test hissəsi üzrə hər bir suala düzgün cavab bir balla qiymətləndirilir (cəmi 60 mümkün bal). Səhv cavablar düzgün cavablara təsir etmir. İmtahan suallarının test hissəsi üzrə 40 və ya daha çox bal toplamış şəxslər imtahandan keçmiş hesab olunurlar.
2.17. İmtahan suallarının klinik tapşırıq hissəsi namizədin ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən 5 sualdan ibarət olur. İmtahanda klinik tapşırıq sualı ardıcıl olaraq tünd göy rəngdə yazan diyircəkli qələmlə aydın xətlə cavablandırılmalıdır. Cavab kartı onu doldurmuş şəxs tərəfindən imzalanır.
2.18. İmtahan suallarının klinik tapşırıq hissəsi üzrə cavabların qiymətləndirilməsi mütəxəssislər cəlb edilməklə təmin edilir. Cavabların yoxlanılmasında iştirak edən şəxslərə dair məlumatların konfidensiallığı təmin edilməlidir. Klinik tapşırıq hissəsi üzrə hər bir suala verilən cavab mütəxəssis tərəfindən 0, 1, 2, 3, 4 və ya 5 baldan biri ilə qiymətləndirilir və sonra bütün suallar üzrə verilən ballar toplanılır (cəmi 25 mümkün bal). Klinik tapşırıq hissəsi üzrə 16 və ya daha çox bal toplamış şəxslər bu mərhələdən keçmiş hesab olunurlar.
2.19. İmtahan suallarının test və klinik tapşırıq hissələri üzrə toplanılan ballar ümumiləşdirilərək yekun bal çıxarılır.
2.20. İmtahanda iştirak etmiş namizədə onun tələbi ilə imtahanın nəticəsi barədə arayış verilir.
2.21. İmtahanın nəticəsindən narazı qalan namizəd bu barədə nəticənin elan olunduğu vaxtdan 5 iş günü müddətində Mərkəzə apelyasiya şikayəti verə bilər. Şikayətə namizədin, Nazirliyin və Mərkəzin səlahiyyətli nümayəndələrinin, o cümlədən müstəqil ekspertlərin iştirakı ilə baxılır.
2.22. Mərkəz imtahanın nəticələrini imtahan keçirilən tarixdən 3 gün müddətində internet portalında yerləşdirir.
2.23. Müsabiqədə müvəffəqiyyət qazanmış namizədlərin siyahısı vakant vəzifələr üzrə təyinat aparılması üçün müsabiqə başa çatdıqdan sonra 3 iş günü ərzində Nazirliyə göndərilir.
2.24. Namizədlər arasında daha yüksək bal toplamış şəxs vakant vəzifəyə təyin edilir.
2.25. Eyni vakant vəzifəyə iddia edən namizədlər bərabər bal topladıqda onlar arasında üstünlük aşağıdakı meyarlar və ardıcıllıqla müəyyən edilir:
2.25.1. elmi dərəcəyə və ya ixtisas dərəcəsinə malik olmaq;
2.25.2. müvafiq ixtisas üzrə daha çox iş stajına malik olmaq;
2.25.3. test imtahanında daha çox bal toplamaq;
2.25.4. daha yaxşı diplom göstəricilərinə malik olmaq.
3. Tibb işçilərinin sertifikasiyası
3.1. Naxçıvan Muxtar Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə onlar 5 ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.
3.2. Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) sertifikasiyaya cəlb edilmirlər.
3.3. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən 5 il müddətində sertifikasiyadan keçmirlər.
3.4. Sertifikatlaşdırmanın təşkili məqsədilə Nazirlik tərəfindən sədr daxil olmaqla 5 üzvdən ibarət Səhiyyə Mütəxəssislərinin Sertifikasiyası Şurası (bundan sonra - Sertifikasiya Şurası) yaradılır. Sertifikasiya Şurasının fəaliyyəti Nazirliyin təsdiq etdiyi Əsasnamə ilə tənzimlənir. Sertifikasiya Şurasına Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri tərəfindən vəzifəyə təyin və azad olunan sədr rəhbərlik edir. Sertifikasiya Şurasının tərkibi Nazirliyin 4, Mərkəzin 1 nümayəndəsi daxil edilməklə Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri tərəfindən təsdiq edilir. Sertifikasiya Şurasının üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.
3.5. Sertifikasiya Şurası:
3.5.1. səhiyyə mütəxəssislərinin sertifikasiyasının aparılmasını təşkil edir;
3.5.2. sertifikasiya imtahanlarının suallar toplusunun hazırlanmasını təmin edir;
3.5.3. sertifikasiya işinə cəlb olunmuş mütəxəssislərin fəaliyyətinin əsaslarını və iş qaydasını müəyyən edir;
3.5.4. sertifikasiya imtahanlarının yekunu üzrə səhiyyə mütəxəssislərinə şəhadətnamə verilməsi məsələsini həll edir;
3.5.5. sertifikasiya imtahanının aparılması və nəticələri ilə bağlı ərizə və şikayətlərə baxır;
3.5.6. iclaslarda baxılan məsələlər üzrə qərarlar qəbul edir, bu qərarların icrasına nəzarət edir.
3.6. Nazirlik sertifikasiyaya cəlb ediləcək tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrinin məlumatlarını öyrənir, sertifikasiyaya cəlb edilməli olan səhiyyə mütəxəssislərinin siyahısını müəyyən edir.
3.7. Sertifikasiyadan keçmək üçün səhiyyə mütəxəssisləri tərəfindən aşağıda göstərilən sənədlər rəsmi qaydada Nazirliyə təqdim edilir:
3.7.1. şəxsiyyət vəsiqəsi və onun surəti;
3.7.2. ali və ya orta ixtisas təhsil haqqında sənəd və onun surəti;
3.7.3. ixtisasartırma kurslarını keçməsi barədə sənəd və onun surəti;
3.7.4. əmək kitabçası və onun surəti;
3.7.5. kadrlar uçotunun şəxsi vərəqəsi;
3.7.6. sağlamlıq haqqında arayış;
3.7.7. 3x4 ölçüdə 2 ədəd fotoşəkil.
3.8. Surətləri ilə uzlaşdırıldıqdan sonra şəxsiyyət vəsiqəsi, ali və ya orta tibb təhsili haqqında sənəd, ixtisasartırma kurslarını keçməsi barədə sənəd və əmək kitabçası geri qaytarılır.
3.9. Nazirlik sənədlərin tamlığını, düzgünlüyünü və qanunvericiliklə müəyyən edilmiş şərtlərə uyğunluğunu yoxlayır, mütəxəssislərin qeydiyyatını aparır, siyahısını tərtib edir və müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edir.
3.10. Sertifikasiyada iştirak edəcək hər bir mütəxəssis Mərkəzin internet portalında “Şəxsi kabinet” yaradır. Mütəxəssislər sertifikatlaşdırma ilə bağlı məlumatları “Şəxsi kabinet” vasitəsilə əldə edirlər.
3.11. Sertifikasiyasının keçirilmə qrafiki Mərkəzin internet portalında yerləşdirilir.
3.12. Mütəxəssislər şəxsiyyət vəsiqələrini təqdim etməklə sertifikasiyaya buraxılırlar.
3.13. Sertifikasiya test imtahanı formasında aparılır, konfidensiallıq gözlənilməklə, üç mürəkkəblik dərəcəsi üzrə tərtib edilir. Sualların mürəkkəblik dərəcəsi Mərkəz tərəfindən müəyyən edilir.
3.14. İştirakçılara imtahan üçün 180 dəqiqə verilir. İmtahan zamanı fasilə verilmir.
3.15. İmtahan 60 sualdan ibarət olur. Hər bir suala düzgün cavab bir balla qiymətləndirilir (cəmi 60 mümkün bal). Səhv cavablar düzgün cavablara təsir etmir. İmtahanda 40 və ya daha çox bal toplamış şəxslər sertifikasiyadan keçmiş hesab olunurlar.
3.16. Mərkəz imtahanın nəticələrini imtahan keçirilən tarixdən 3 gün müddətində internet portalında yerləşdirir.
3.17. Sertifikasiya imtahanında iştirak etmiş şəxslərə onların tələbi ilə imtahanın nəticəsi barədə arayış verilir.
3.18. Sertifikasiya imtahanının nəticəsindən narazı qalan imtahan iştirakçısı bu barədə nəticənin ona elan olunduğu vaxtdan 5 gün müddətində mübahisəyə aydınlıq gətirilməsi üçün Sertifikasiya Şurasına müraciət edə bilər. Məsələ ərizəçinin iştirakı ilə araşdırılır.
3.19. Sertifikasiya imtahanının nəticələri əsasında Sertifikasiya Şurası sertifikasiyaya cəlb olunmuş hər bir səhiyyə mütəxəssisi barədə müvafiq qərar qəbul edir. Sertifikasiyadan keçən şəxslərə sertifikasiya imtahanının bitdiyi gündən 5 iş günü müddətində sertifikasiya şəhadətnaməsi verilir.
3.20. Sertifikasiyadan keçmiş şəxslər 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər.
3.21. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində və ya iş yerində təcrübədə olmaqla peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanda iştirak etmək üçün Nazirliyə müraciət etməlidirlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri qanunvericiliyə uyğun olaraq tənzimlənir.
4. Tibb işçilərinin işə qəbulu və sertifikasiyası
prosesində şəffaflığın təmin edilməsi
4.1. Tibb içşilərinin işə qəbulu və sertifikasiyası qanunçuluq, obyektivlik, bərabərlik, şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirilir.
4.2. Tibb içşilərinin işə qəbulu və sertifikasiyası prosesində muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələrinin müşahidəçi qismində iştirakları təmin edilə bilər. Prosesi müşahidə etmək təşəbbüsü ilə müraciət etmiş təşkilatlar və ya kütləvi informasiya vasitələri öz nümayəndələri barədə məlumatı müsabiqəyə ən azı 3 iş günü qalmış Mərkəzə təqdim etməlidirlər.
4.3. Müşahidəçilərin tibb içşilərinin işə qəbulu və sertifikasiyası prosesinin gedişinə müdaxiləsi yolverilməzdir.
5. Qaydaların pozulmasına görə məsuliyyət
Tibb içşilərinin işə qəbulu və sertifikasiyası ilə əlaqədar bu Qaydalara riayət edilməməsinə görə Nazirliyin və Mərkəzin vəzifəli şəxsləri, müəssisələrin rəhbərləri, habelə müstəqil ekspertlər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar