21 Dekabr 2024,  
...

Dövlət qulluğu xalqa və dövlətə xidmət imkanıdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 5 may tarixli Sərəncamına əsasən hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur.

Azərbaycanda dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə ali hakimiyyətə qayıdışı ilə ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar edilmiş, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırılmış və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuşdur. Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi prosesinə başlanılmış, dövlət qulluğu sahəsində islahatlar həyata keçirilmiş, zəngin qanunvericilik bazası yaradılmışdır. Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuş, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilmişdir.

Ulu öndərin dövlət qulluğu siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının imzası ilə mühüm Dövlət proqramları təsdiq olunmuş, dövlət qulluğu sahəsində mütərəqqi normativ-hüquqi baza formalaşdırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları vaxtında aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizmi yaradılmış, dövlət qulluğu sahəsində münasibətlərin tənzimlənməsi daim nəzərdə saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi bunun bariz nümunəsidir. Dövlət qulluqçularının maddi rifah halının yaxşılaşdırılması istiqamətində mütəmadi tədbirlərin həyata keçirilməsi də ölkə başçısının diqqət mərkəzindədir. Bu istiqamətdə görülən işlərə uyğun olaraq 2022-ci ildə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə dövlət qulluqçularının əməkhaqlarının 1,1 misli həcmində artırılması aparılan islahatların məntiqi davamıdır.

Ölkə başçısının rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında da dövlət qulluğu sahəsində uğurlu islahatlar aparılmış, müasir dövlət idarəçilik sistemi formalaşdırılmışdır. Dövlət idarəçiliyində innovasiyalar tətbiq edilmiş, bəzi dövlət orqanları üzrə səyyar xidmətlər təşkil olunmuş, “Elektron hökumət” portalı, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi sistemləri, “ASAN xidmət” Mərkəzi istifadəyə verilmişdir. Dövlət orqanları üçün ən müasir standartlara cavab verən yeni inzibati binalar tikilərək istifadəyə verilmiş, maddi-texniki baza gücləndirilmiş, dövlət qulluqçularının fəaliyyəti yaxşılaşdırılmış, onlara lazımi iş şəraiti yaradılmışdır.

Bu gün buxtar respublikada bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsi
də öz inkişaf dövrünü yaşayır. "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 dekabr tarixli Fərmanı muxtar respublikada yeni idarəçilik mexanizminin yaradılmasına, bu istiqamətində yeniliklərin tətbiq olunmasına imkan vermişdir. Səlahiyyətli Nümyəndəlik institutu muxtar respublikada fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirmək və onların fəaliyyətinə nəzarəti həyata keçirmək, müvafiq ərazinin sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə yerli icra hakimiyyəti orqanlarının digər dövlət orqanları ilə qarşılıqlı fəaliyyətini əlaqələndirmək və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək məqsədilə yaradılmışdır. Buna uyğun olaraq "Dövlət qulluğu haqqında" Qanuna edilmiş son dəyişikliklərlə muxtar respublikda dövlət qulluğu sisteminin təkmilləşdirilməsi və müasir idarəetmə mexanizminin formalaşdırılması, dövlət qulluğu sisteminin vahid idarəetmə sisteminə inteqrasiyası üçün əlverişli şərait yaranmışdır.

Dövlət qulluğu sahəsində kadr siyasətinin həyata keçirilməsi dövlətə və cəmiyyətə xidmət üçün lazımi keyfiyyətlərə malik dövlət qulluqçularının formalaşdırılması, habelə dövlət qulluğu sferasının yüksək peşəkarlığa malik, vicdanlı, məsuliyyətli və vətənə sədaqətli işçilərin cəlb olunmaqla komplektləşdirilməsi məqsədinə xidmət edir. Qeyd edilən məqsədlərə nail olmaq üçün yeni məktəb binaları, ali və orta ixtisas təhsili müəssisələri üçün yeni tədris korpusları tikilmiş, təhsil müəssisələrində tədris müasir standartlara uyğunlaşdırılmış, maddi-texniki baza möhkəmləndirilmiş, mütəxəssis və kadrların hazırlığı üçün hərtərəfli şərait yaradılmışdır.

2008-ci il aprelin 22-də Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması bu istiqamətdə həyata keçirilən islahatların ən vacib tərkib hissəsidir. Muxtar respublikada dövlət qulluğu sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2020-ci il dekabrın 18-də Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi yaradılıb. Mərkəzin yaradılmasında əsas məqsəd dövlət qulluğu sahəsində qəbul edilmiş normativ-hüquqi aktların muxtar respublikada tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının etik davranış qaydalarına əməl olunmasına nəzarət edilməsi, eləcə də dövlət orqanlarında işə qəbul, attestasiya, sertifikasiya və qiymətləndirmənin həyata keçirilməsi sahəsində qanunvericiliklə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsinin təmin edilməsidir.

Mərkəzdə test mərkəzinin, lokal kompüter şəbəkəsinin, mərkəzi server sisteminin mövcudluğu innovasiya və startapların tətbiqini mümkün etmişdir. Bundan başqa test imtahanı proqramı, Dövlət Qulluqçularının Reyestrinin aparılması proqramı, Test və müsahibələrdə iştirak üçün onlayn qeydiyyat proqramı istifadəyə verilmişdir. Dövlət İmtahan Mərkəzinin portalının və yeni proqram təminatının istifadəyə verilməsi, kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə portalın "gov.az" domen zonasına köçürülməsi vətəndaşların dövlət qulluğuna qəbul üçün müraciət etmək imkanlarının asanlaşdırılmasına, vaxt və maliyyə itkisinin qarşısının alınmasına, mərkəzə gəlmədən və əlavə sənəd təqdim etmədən “Şəxsi Kabinet” vasitəsilə internet üzərindən qeydiyyatdan keçməklə test və müsahibələrdə iştirakına şərait yaratmışdır.

Bu gün muxtar respublikada vətəndaşların dövlət qulluğuna müsabiqə və şəffaflıq əsasında qəbulu üçün lazımi şərait mövcuddur. İndiyədək keçirilmiş 23 müsabiqədə 8676 namizəd iştirak etmiş, onlardan 1436-ı müsabiqələri müvəffəqiyyətlə başa vuraraq dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinə təyin olunmuşdur. Mərkəz tərəfindən dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrin test imtahanları da keçirilir. Naxçıvan Muxtar Respublikasının daxili işlər, ədliyyə, fövqəladə hallar, prokurorluq, gömrük, vergi, miqrasiya və digər orqanlarda vakant vəzifələrin tutulması və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üçün indiyədək keçirilmiş 64 müsabiqədə iştirak edən 2635 namizəddən 927-i test imtahanlarında müvafiq keçid  balını toplamışdır.

Hər il məhkəmə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün etik davranış qaydalarına riayət olunması, kargüzarlığın, dövlət qulluqçularının reyestrinin və şəxsi işlərinin aparılması qaydaları, dövlət qurumlarında informasiya təhlükəsizliyi və digər mövzularda keçirilən seminarlarda yüzlərlə inzibati vəzifə tutan dövlət qulluqçusu iştirak edir. “Səyyar dövlət qulluğu xidməti könüllülüyü” layihəsi çərçivəsində rayonlarda yaşayan, internet və informasiya-kommunikasiya texnologiyalarından istifadə edə bilməyən və elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən vətəndaşlara yaşadıqları yerlərdə səyyar xidmət göstərilir.

Həyata keçirilən uğurlu kadr islahatları nəticəsində muxtar respublikada dövlət qulluqçularının yaş tərkibi getdikcə cavanlaşır, təcrübəli işçilərlə yanaşı, gənclərə də geniş yer verilir. Bu, dövlət idarəçiliyində öz müsbət nəticəsini göstərməkdədir. Dövlət Qulluqçuları Reyestrinin məlumatlarına əsasən muxtar respublikanın dövlət orqanlarında 2423 nəfər fəaliyyət göstərir ki, onların 54-ü siyasi, 1893-ü inzibati, 476-ı isə yardımçı vəzifə tutur. Dövlət qulluqçularının 22,3 faizini gənclər, 24,2 faizini isə qadınlar təşkil edir.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respubunlikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı muxtar respublikada dövlət qulluğu istiqamətində yeniliklərin həyata keçirilməsinə imkan verəcəkdir. Proqrama əsasən dövlət qulluğunda bilik, bacarıq və səriştənin inkişaf etdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsinə uyğun olaraq insan kapitalının inkişafına yönəldilmiş istiqamətlərdən biri də dövlət qulluqçularının inkişaf etdirilməsi üçün təlim modullarının hazırlanmasıdır. Müvafiq dövlət orqanlarında dövlət qulluqçularının təlimlərə cəlb edilməsi onların bilik, bacarıq və səriştələrinin artmasına imkan verəcəkdir.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə kadr potensialının inkişafına ehtiyac olduğunu nəzərə alaraq, yerli strukturların ölkənin müvafiq dövlət orqanları ilə intensiv təcrübə mübadiləsinin həyata keçirilməsi, əməkdaşların müvafiq təlim və təcrübə səfərlərinin təşkil edilməsi istiqamətində tədbirlər görüləcəkdir.

Dövlət Proqramında nəzərdə tutulmuş institusional inkişaf istiqamətində Naxçıvan Muxtar Respublikasının dövlət orqanları ilə Azərbaycan Respublikasının dövlət orqanları arasında əməkdaşlığın gücləndirilməsi və müvafiq məlumat mübadiləsinin təmin edilməsi, müvafiq sahədə layihə təkliflərinin hazırlanması, əməkdaşlığın inkişafı və məlumat mübadiləsinin təmin edilməsi üçün tədbirlər görülməsi dövlət xidmətlərinin keyfiyyət səviyyəsinin yüksəlməsinə imkan verəcəkdir.

Aparılan struktur islahatları Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının günün tələblərinə uyğun fəaliyyət göstərməsi üçün hərtərəfli şərait yaradılmasına imkan verir. Görülən işlərin müqabilində hər bir dövlət qulluqçusu səylə çalışmalı, ölkəmizin inkişafı və tərəqqisinə öz töhfəsini verməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil,  məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir”.


 

Naxçıvan Muxtar Respublikası

Dövlət İmtahan Mərkəzinin

mətbuat xidməti